Xəbərlər
Neft kimyası üzrə IX Beynəlxalq Məmmədəliyev konfransı öz işinə başlayıb
Okt 04, 2016 | 12:40 / Konfranslar, iclaslar
Oxunub 5323 dəfə

Oktyabrın 4-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və bu qurumun akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) birgə təşkilatçılığı ilə neft kimyası üzrə IX Beynəlxalq Məmmədəliyev konfransı işə başlayıb.

Konfransda Türkiyə, Rusiya, Gürcüstan və digər xarici ölkələrin tanınmış alimləri iştirak edirlər.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Y.Məmmədəliyevin elmi fəaliyyətindən danışıb. Akademik qeyd edib ki, Y.Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictmai-siyasi xadim kimi daxil olub. Azərbaycanda neft kimyasının əsasını qoyan Y.Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsi ilə bağlıdır.

Məlumat verilib ki, 1959-cu ildə akademik Y.H.Məmmədəliyevin təşəbbüsü ilə Elmlər Akademiyası sistemində Neft-Kimya Prosesləri İnstitutu yaradılıb. Bu institut respublikada ən böyük aparıcı elmi mərkəzə çevrilib və 1962-ci ildə instituta akademik Y.Məmmədəliyevin adı verilib.

Konfransın Beynəlxalq Proqram Komitəsinin sədri, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tədbirin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Beynəlxalq Məmmədəliyev konfransı 1994-cü ildən başlayaraq BP, “Statoil” şirkətlərinin təşəbbüsü və maliyyə dəstəyi ilə keçirılir. Konfransın təşkilinin əsas məqsədi neft emalı və neft kimyası sahəsində əldə olunmuş elmi-texniki nailiyyətlərin müzakirəsi, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın qurulmasıdır.

Daha sonra Türkiyə, Rusıya və başqa ölkələrdən olan alimlərin məruzələri dinlənilib.

Görkəmli alimin qızı, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Tədbirdə akademikin adını daşıyan memorial muzeyin açılışı və Yusif Məmmədəliyev saytının təqdimatı olub.

Beş bölmə üzrə keçirilən konfransda “Neft emalı və neft-kimyası sintezinin əsas və təkrar emal məhsullarının perspektiv istehsal və emal texnologiyaları və üsulları”, “Neft emalı və neft kimyası sintezi proseslərində kataliz” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə, həmçinin ali və ümumtəhsil müəssisələrində kimyanın tədrisi problemləri müzakirə olunacaq. Konfransın təşkilat komitəsinə kimya profilli 24 müəssisə və təşkilatdan 250 məruzənin tezisi daxil olub. Təşkilat komitəsi tərəfindən 226 məruzənin tezisi qəbul edilib. 

Konfrans oktyabrın 5-də işini başa çatdıracaq.

JURNALLAR
Faydalı linklər