Xəbərlər
Forumun “dəyirmi masası”nda texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar ətrafında müzakirələr aparılıb
Sen 30, 2016 | 12:58 / Konfranslar, iclaslar
Oxunub 4984 dəfə

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “dəyirmi masa”lardan birində “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu müzakirə edilib.

“Dəyirmi masa”da ABŞ, İtaliya, Rusiya, Qazaxıstan, Meksika, Avstriya və digər ölkələrdən alimlər, Nobel mükafatı laureatları iştirak ediblər.

AMEA-nın prezidenti, akademik 

Akif Əlizadə çıxışında tədbirin əsas məqsədinin yüzlərlə insanın bir araya gələrək siyasət, elm və iqtisadiyyatın müxtəlif problemlərinin müzakirəsi və bu məsələlərin həllinə kömək etmək olduğunu bildirib. Qeyd edib ki, XXI əsrdə yaşamağımıza baxmayaraq dünyada bir çox insan multikulturalizm modelindən uzaq yaşayır: “İnsanların siyasi, elmi, iqtisadi problemlər səbəbindən bir-birindən uzaqlaşmasına şahid oluruq. Dünyada insanların hələ də elektrik enerjisindən, təhsildən təcrid vəziyyətdə, qida yoxsulluğu şəraitində yaşadığını görürük. Biz bu problemlərin həlli istiqamətində görüləcək işlərin müzakirəsi üçün bir araya gəlmişik”.

Alim texnologiyaların konvergensiyasının yalnız təbii və texniki elmləri əhatə etmədiyini, hazırda bu prosesin ictimai və humanitar elmlər arasında da müşahidə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu aspektdə konvergensiya humanitar və təbii elmlərin qarşılıqlı əlaqəsini əks etdirir.

Müasir dövrdə İKT sahəsində əldə oluna nailiyyətlərdən danışan alim vurğulayıb ki, texnologiyaların sürətli intellektualizasiyası bəşəriyyətin sosial inkişafı üçün əlverişli şərait yaratmaqla yanaşı, onun təbii intellektinin inkişafina da təkan verir.

AMEA prezidenti ölkəmizdə son zamanlar həyata keçirilən köklü islahatlardan, innovativ layihələrdən və Azərbaycanın beynəlxalq arenada artan nüfuzundan da danışıb. Bildirib ki, qloballaşma şəraitində, ənənəyə münasibətdə dayanıqlılıq, davamlılıq mühüm prinsiplərdəndir. Dayanıqlı olmayan, möhkəm milli kökə söykənməyən və ardıcıl olaraq davam edib vətəndaşlıq hüququ qazana bilməyən ənənələr qloballaşma dövrünün tələblərinə cavab verə bilməz. Azərbaycan bütün əsrlər boyu dayanıqlı və möhkəm ənənələrə malik olub.

Tədbirdə fizika üzrə Nobel mükafatı laureatı Corc F.Smut “Bizim çağırışları əks etdirən elmi-texniki inkişaf perspektivləri” mövzusundakı çıxışında müasir dünyada elektrik enerjisinin idarə olunması, elektrikin paylanması və düzgün istifadə edilməsi məsələlərindən söz açıb. Alim bu sahədə dünyanın qabaqcıl bazarlarındakı vəziyyəti müqayisəli təhlil edib.

Nobel mükafatçısı deyib ki, xərclənən vəsait böyük vəsaitdir və enerji mənbələrini, yeni texnologiyaları əhatə edir. Qarşıdakı onillikdə texnologiyalar daha da inkişaf edəcək. Əsas dəyişikliklərdən biri paylaşma iqtisadiyyatı ilə bağlıdır. İqtisadi məsələlər ictimai inkişafın bünövrəsində durur və iqtisadi inkişafa nail olmadan humanitar sahədə hər hansı irəliləyiş mümkün deyil. Həmçinin bu iki sahə arasında qarşılıqlı dialektik əlaqə var. Bu baxımdan “dəyirmi masa”da müzakirə edilən məsələlər böyük əhəmiyyət daşıyır.

Meksikanın “The News” qəzetinin baş redaktoru Tereza Anna Marqolis “N-ci tərtib terror” mövzusunda məruzəsində dünyada terror aktlarının artmasından, nüvə materiallarının terrorçuların əlində daha çox toplanmasından danışıb. O deyib ki, nüvə silahları sülh və əmin-amanlıq üçün böyük təhlükə yaradır. Terror qruplaşmaları tərəfindən gözlənilən bu təhlükənin qarşısının alınması üçün dünyanın mütərəqqi qüvvələri səylərini birləşdirməlidirlər.

ABŞ-ın “Heritic” Fondunun Katrin və Şelbi Kallm Deyvis adına İnstitutunun nümayəndəsi Ariel Koen “Texnologiyalar və proqnozlar: XXI əsrin əsas sosial və siyasi çağırışları” mövzusunda məruzəsində ABŞ-da və müxtəlif ölkələrdə hazırlanan, məlumat toplanması məqsədlərinə xidmət edən proqramlardan söz açıb. O deyib ki, bu məlumatlar məhsullar və yaxud fərdlər barədə ola bilər. Bu, sosial müharibələrin infrastrukturu ilə bağlıdır. Kiber müharibəsi təhlükəsi realdır. Müxtəlif təhlükəli proqramlar bizim infrastrukturumuzu məhv edə bilər. Ona görə də bu proqramların qarşısı alınmalıdır.

İtaliyalı senator Canluka Kastaldi “Gələcək bərpa olunan enerjilərə məxsusdur” mövzusunda məruzəsində enerji mənbələrindən düzgün istifadənin vacibliyini vurğulayıb.

“Dəyirmi masa”da Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin təmsilçisi Reza Talebi-Daryani “2001-2015-ci illər TEMPUS layihələrinin ən yaxşı nümunəsi: azərbaycanlı tələbələrin Bolonya prosesinə uyğun olaraq tədris və tədqiqat təcrübələrini artırmaq məqsədilə Avropa universitetləri ilə birgə fəaliyyəti”, italiyalı mütəxəssis xanım 

Karmen Lasorella

 “Arzu edilən gələcək üçün əldə edilmiş texnologiyalar və insan kapitalı”, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun nümayəndəsi, kimya üzrə Nobel mükafatı laureatı 

Rudolf Markus

 “F1-ARPase fermentinin birmolekullu tədqiqi: nəzəriyyə və təcrübə ilə müqayisə”, Rusiyanın “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin təmsilçisi 

Yaroslav Ştrombax

 “Rusiyada nüvə enerjisinin dayanıqlı və təhlükəsiz inkişafı”, Avstriyanın Beynəlxalq Hüquq və Qlobal Siyasi Araşdırmalar Mərkəzinin sədri 

Anis Bayrektareviç

 “İqlim dəyişməsinin geosiyasəti: Kvant buddizminin gələcəyi”, Qazaxıstanın Təhlil və Proqnoz Mərkəzinin nümayəndəsi 

Kazbek Kazkenov

 “Gələcək: verifikasiya, çağırışlar və çoxmədəniyyətlilik”, Bakı Dövlət Universitetinin əməkdaşı 

Şahin Məmmədov

 “Elementar zərrəciklərin güclü qarşılıqlı təsirinin holoqrafik dualizmi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA-nın prezidenti, akademik A.Əlizadə “dəyirmi masa”ya yekun vuraraq səmərəli müzakirələrin aparıldığını, dəyərli fikir və təkliflərin səsləndirildiyini söyləyib.

“Dəyirmi masa”nın sonunda V Bakı Beynəlxalq Forumunun Bəyannaməsi qəbul olunub.

JURNALLAR
Faydalı linklər