Xəbərlər
Malayziya qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub
Noy 02, 2020 | 10:34 / Maraqlı məlumatlar
Oxunub 271 dəfə

Malayziyanın “Sinar Harian” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Dağlıq Qarabağ münaqişəsi 2.0” sərlövhəli məqalədə sentyabrın 27-dən etibarən münaqişənin yeni mərhələyə qədəm qoyması ilə Cənubi Qafqazda siyasi vəziyyətin gərginləşdiyi qeyd olunub. Münaqişənin tarixinə toxunan müəllif, Malaya Universitetinin professoru Roy Antoni Rogers keçmiş Sovet İttifaqının dağılması ərəfəsində yaranan xaosdan istifadə edən erməni separatçı qüvvələrinin Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağı və ətrafdakı əraziləri işğal etdiyini vurğulayıb. Bildirib ki, münaqişə nəticəsində, həmçinin 30 mindən çox insanın həlak olub, bir milyona yaxın azərbaycanlı isə öz ata-baba yurdundan didərgin düşüb.

Məqalədə ATƏT-in 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupu tərəfindən münaqişənin tənzimlənməsi istiqamətində aparılan danışıqlara da toxunulub. Diqqətə çatdırılıb ki, uzun müddət davam edən danışıqlar prosesində bir neçə dəfə razılıq əldə edilsə də, hər hansı irəliləyişə nail olunmayıb. Məqalədə xüsusilə 2009-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərinin mərhələli şəkildə azad edilməsini nəzərdə tutan Madrid prinsiplərinə də yer verilib.

Müharibənin yenidən başlamasının səbəbləri arasında aidiyyəti beynəlxalq təşkilatların bu istiqamətdə hər hansı nəticə əldə edə bilməməsi göstərilib. Qeyd olunub ki, hazırkı mərhələdə ATƏT-in Minsk qrupu tərəfindən atəşkəs əldə edilsə də, bu, faktiki olaraq ərazi münaqişəsinin həlli deyil.

Müəllif Azərbaycan hökumətinin Minsk qrupunun danışıqlar prosesinə daim sadiq qaldığını, lakin Ermənistan tərəfinin münaqişənin həllində qətiyyət göstərmədiyini də bildirib. Qeyd edib ki, həmsədr ölkə olmasına baxmayaraq, Fransanın neytral mövqedən uzaqlaşması və Ermənistanın maraqlarından çıxış etməsi münaqişənin həllini çətinləşdirib. Bununla yanaşı, məqalədə digər həmsədr ölkə olan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanla yaxın müttəfiq olması da əksini tapıb.

Ermənistan rəhbərliyinin son vaxtlar tez-tez təxribatçı bəyanatlar verməsinin və Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia etməsi, beynəlxalq təşkilatların isə bütün bunlara biganə yanaşmasının Azərbaycan xalqının haqlı qəzəbinə səbəb olduğu da məqalədə diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, Ermənistan iqtisadi tənəzzül yaşayır, bu böhranın isə yerli əhalinin kəskin narazılığına səbəb olub.

Müharibənin gedişində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə aldığı, münaqişə bölgəsindən uzaqda yerləşən Gəncənin və digər şəhərlərin bombalanması nəticəsində çoxlu sayda mülki əhalinin həlak olduğu xatırladılıb.

Sonda müəllif dünya ictimaiyyətinin, eləcə də BMT-nin ən qısa zamanda qətiyyət göstərəcəyinə, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapacağına ümidvar olduğunu bildirib.

JURNALLAR
Faydalı linklər