Xəbərlər
Oktyabrın 22- də görkəmli kimyaçı alim, akademik Toğrul Şahtaxtinskinin anadan olmasının 95 ili tamam olur
Okt 22, 2020 | 14:00 / Yubileylər
Oxunub 1946 dəfə

Şahtaxtinski Toğrul Nemət oğlu 1925-ci il oktyabrın 22-də Bakı şəhərində anadan olub. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib. T.Şahtaxtinski 1959-cu ildə kimya üzrə fəlsəfə doktoru və 1968-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1968-ci ildə isə professor adı alıb. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçil­ib. 1961-1962-ci illərdə Azərbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda elmi işlər üzrə direktor müavini, 1962-1967-ci illərdə labora­toriya müdiri olmaqla yanaşı, 1962-1975-ci illərdə “Mono­merlər” şöbəsinə rəhbərlik edib. 1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri, 1975-2002-ci illərdə Azərbay­can SSR EA Kimya Texno­logiyasının Nəzəri Problemləri İnstitutunun, 2002-2010-cu illərdə isə Kimya Problemləri İnstitutunun direktoru, 1990-2001-ci illərdə Azərbaycan EA Kimya Bölməsinin, 1997-2007-ci illərdə Azər­bay­can EA-nın akademik-katibi olub. T.Şahtaxtinskinin əsas elmi fəaliyyəti kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, karbohidrogenlərin katalitik çevril­mələ­rinin öyrənilməsi, kimyəvi proses­lərin modelləşdirilməsi və optimal­laşdırıl­masının və kimya texnolo­giyasının nəzəri əsaslarının işlənil­məsi ilə əlaqəli geniş problem­ləri əhatə edir. Onun rəhbərliyi ilə oksidləşmə və oksidləşdirici ammonolizin mühüm təcrübi prosesləri işlənib hazırlanmış, mürək­kəb kimyəvi-texno­loji sistemlərin model­ləş­dirilməsi və optimal idarə olunma­sının nəzəri əsasları, ayrıca proseslər üçün katalizatorun «qocal­masının» dinamikasının ümumi prinsipləri yaradılıb, suspenziya polimerizato­ru, yanmanın elektro­kimyəvi kame­rası, qeyri-stasionar qarışdırıcı reak­tor­lar hazırlanıb.

 T.Şahtaxtinski 500 elmi əsərin, o cümlədən 120-dən çox ixtira və patentin, 12 monoqrafiyanın müəllifidir.

Akademik Toğrul Şahtaxtinski səmərəli elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması işinə də böyük tövhə vermişdir. Alimin rəhbərliyi altında 60 12 elmlər doktoru və 48 fəlsəfə doktoru yetişdirilmişdir. 1975-2010-cu illərdə “Azərbaycan kimya jurnalı”nın baş redaktoru olub. O, dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib.

Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə «Şərəf nişanı», «Xalqlar Dostluğu», «Şöhrət», «İstiqlal» ordenləri, «Fədakar əməyə görə» medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub və «Əməkdar elm xadimi» fəxri adına layiq görül­üb.

JURNALLAR
Faydalı linklər