Xəbərlər
Foto
Akademik Ağadadaş Əliyevin 80 illik yubileyi qeyd edildi.
Okt 16, 2020 | 15:36 / Yubileylər
Oxunub 3474 dəfə

Oktyabrın 16-da AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda karantin qaydaları gözlənilməklə Elmi Şuranın məhdud sayda üzvlərinin iştirakı ilə kimya texnologiyası sahəsində görkəmli alim, akademik Ağadadaş Əliyevin 80 illiyinə həsr olunmuş yubiley iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA- nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Ağadadaş Əliyevin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıb. Bildirib ki, qeyri-stasionar katalitik proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması sahəsində tanınmış alim Ağadadaş Əliyev 1940-cı ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunun Mexanika fakültəsini bitirən alim 1969-cu ildə kimya üzrə namizədlik, 1985-ci ildə isə texnika üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 1985-ci ildə professor elmi adına layiq görülüb. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.Qeyd edilib ki, kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, çoxmərhələli reaksiyalar üçün yüksək effektivliyə malik çoxfunksiyalı metalseolit katalizatorları sintezinin elmi əsaslarının işlənib hazırlanması onun elmi fəaliyyətinin əsasını təşkil edir. A.Əliyevin rəhbərliyi ilə sənaye və yeni katalitik proseslərin riyazi modelləri işlənib hazırlanıb, onların əsasında optimal iş rejimləri hesablanıb və bir sıra neft kimyası zavodlarında və layihə institutlarında tətbiq edilib. O, 650-dən çox elmi əsərin, 60-dan çox müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 5 elmlər doktoru və 46 fəlsəfə doktoru yetişdirilib. Uzun müddətli elmi fəaliyyəti və elmdə əldə etdiyiniz naillyyətlər i dövlət tərəfindən qiymətləndirilmiş və akademik Azərbaycan SSR ALİ Sovetinin və AMEA-nın Fəxri Fərmanlarına layiq görülmüşdür.

Tədbirdə çıxış edənlər AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, professorlar Arif Əfəndi, İxtiyar Bəxtiyarlı, Fikrət Sadıqov və Akif Əliyev ömrünün 45 ildən çoxunu elmə həsr edən A.Əliyev haqqında ürək sözlərini bildirib, ona elmi yaradıcılığında uğurlar arzulayıblar.

Sonda akademik ona ünvanlanan təbriklərə və xoş sözlərə görə institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

 

JURNALLAR
Faydalı linklər