Xəbərlər
AMEA Gənc Alim və Mütəxəssislər Şurasında bakalavr və magistrantlarla iş üzrə yeni sektor yaradıldı
Sen 27, 2016 | 10:20 / Görüşlər
Oxunub 2993 dəfə

“Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bütün elmi və ictimai fəaliyyətinə cəlb olunacaq”. Bu fikirləri Akademiyanın I və II kurs magistrantları ilə görüşdə Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib. Onun sözlərinə görə, Akademiyanın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə yaradılan magistratura pilləsi elmlə təhsilin vəhdəti istiqamətində həlledici addımdır.

F.Salmanov qeyd edib ki, AMEA tarixində ilk dəfə ötən ildən başlanılan bu təcrübə artıq özünü doğrultmuşdur. Bunun məntiqi nəticəsidir ki, ali təhsilin bu pilləsinə 2015/2016-cı tədris ili üçün 7 ixtisas üzrə 19 nəfər daxil olmuşdusa, 2016/2017-ci tədris ili üçün isə 19 ixtisas üzrə 56 nəfər qəbul olunub.

Bu il magistr qəbulu zamanı ən yüksək rəqabətin məhz AMEA ixtisasları üzrə aparıldığını söyləyən Şura sədri bildirib ki, növbəti ildə bu təhsil Akademiyanın bütün ixtisaslarını tam əhatə edəcəkdir.

F.Salmanov əlavə edib ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası təsis olduğu ilk vaxtlardan elmi və ictimai fəaliyyətinin bütün sferalarında magistrantların iştirakına önəm verib. Belə ki, Şuranın reallaşdırdığı elmin təbliği layihəsi çərçivəsində paytaxt və regionlarda yerləşən ali təhsil müəssislərində bakalavr və magistrantlarla mütəmadi maarifləndirici elmi seminarlar keçirilib, elmin müasir, aktual problemlərinə həsr olunan müzakirələr təşkil olunub.

F.Salmanov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək bildirib ki, bundan sonra Şuranın tərkibində bakalavr və magistr tələbələrin fəaliyyətinin koordinasiya edilməsi üçün yeni bir sturuktura zərurət yaranıb.

Sonra AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov Akademiya rəhbərliyinin magistrantlara göstərdiyi yüksək diqqət və qayğıdan söhbət açıb. Bildirib ki, AMEA-da təhsil alan magistrantlar nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşə və fikir mübadiləsi apara biləcəklər. Magistrantlar həm təhsil alacaq, həm də laboratoriyalarda işləyərək təcrübə qazanacaqlar.

Tədbirdə çıxış edən magistrantlar - AMEA İdarəetmə Sistemləri İnstitutunun I kurs magistrantı Lamiyə Nəcəfova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun I kurs magistrantı Gülnar Abdullayeva, İnformasiya Texnologiyalar İnstitutunun I kurs magistrantı Şəlalə Mansurova, Fizika İnstitutunun II kurs magistrantı Ləman Daşdəmirova və başqaları Akademiyada onlar üçün hər çür şəraitin yaradıldığını söyləyərək, gənc alimlərə göstərdiyi diqqət və yaratdığı şəraitə görə AMEA rəhbərliyinə təşəkkür ediblər.

Sonra magistrantların səsverməsi ilə AMEA Fizika İnstitutunun II kurs magistrantı Sevil Məhərrəmova AMEA Gənc Alim və Mütəxəssislər Şurasında yaradılan Bakalavr və magistrlərlə iş üzrə sektorun rəhbər, Geologiya və Geofizika İnstitutunun II kurs magistri Səfiyə Əliyeva və İdarəetmə Sistemləri İnstitutunun I kurs magistrantı Lamiyə Nəcəfova müavinləri seçildilər. 

JURNALLAR
Faydalı linklər