Xəbərlər
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müraciəti
Okt 13, 2020 | 10:08 / Konfranslar, iclaslar
Oxunub 2149 dəfə

Məlum olduğu kimi, 2020-ci ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun cəbhəboyu zonada dinc əhaliyə, həmçinin   hərbi obyektlərə qarşı həyata keçirdiyi silsilə təxribatlara cavab olaraq 30 ilə yaxındır ki, erməni işğalı altında olan Dağlıq Qarabağda və rayonlarda qəsbkara qarşı anti-terror əməliyyatına başlamışdır. Azərbaycan Ordusu əməliyyatın ilk günlərindən etibarən misilsiz rəşadət, yüksək peşəkarlıq nümayiş etdirərək təcavüzakara ağır zərbələr endirmiş, Ermənistan hərbçilərinin nəzarətindəki bir çox yaşayış məntəqələrini, həmçinin strateji yüksəklikləri işğaldan azad etmişdir. Belə ki, 27 sentyabr - 9 oktyabr tarixlərində aparılan əməliyyatlar nəticəsində Azərbaycan Cəbrayıl şəhəri  və onun 6 kəndi, Füzuli rayonunun 7 kəndi, Suqovuşan və Talış kəndləri, Xocavəndin Sur kəndi və Hadrut qəsəbəsi, həmçinin Murovdağdakı strateji yüksəkliklər üzərində öz suverenliyini bərpa etmişdir.

Təəssüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi döyüş meydanında uğradığı rüsvayçı məğlubiyyətlərin qisasını dinc azərbaycanlılardan almaq qərarına gəlmiş və Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Ağcabədi, Naftalan, Mingəçevir və digər şəhərlərində yaşayan mülki əhalini, infrastruktur obyektlərini hədəfə almaqla öz terrorçu mahiyyətini bir daha nümayiş etdirmişdir. 27 sentyabr - 11 oktyabr tarixlərində Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi hücumlar nəticəsində 40-a qədər dinc insan öldürülüb, onlarla şəxs yaralanıb, şəxsi və dövlət mülkiyyətinə külli miqdarda zərər dəyib.

2020-ci ilin 10 oktyabr tarixində Moskvada Rusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında imzalanmış humanitar atəşkəsə baxmayaraq, erməni tərəfi bu günədək dinc sakinlərə, həmçinin ordumuzun bölmələrinə qarşı hücum əməliyyatlarını dayandırmamışdır. Bu azmış kimi, Moskva danışıqlarından dərhal sonra Ermənistan rəhbərliyi bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağın heç vaxt ölkəmizə məxsusluğunu qəbul etməyəcəklərinə dair aqressiv bəyanatlar vermiş, sülh tərəfdarı olmadıqlarını etiraf etməkdən çəkinməmişlər. 

Bu, Ermənistanın dünya birliyinin və Azərbaycanın 30 il ərzində göstərdiyi sülh təşəbbüslərinə qarşı yönələn cinayətkar etinazlığının, hörmətsizliyinin ilk nümunəsi deyil. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi 4 qətnamə bu günədək icra olunmayıb.

Mən AMEA kollektivi, həmçinin Azərbaycanın elmi ictimaiyyəti adından dünya birliyinə, aparıcı beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edərək, onlardan  Ermənistanın ölkəmizin dinc vətəndaşlarına qarşı həyata keçirdiyi etnik terrora siyasi-hüquqi qiymət verilməsini tələb edirəm. XXI əsrdə Ermənistanın həyata keçirdiyi dövlət terroruna susmaq, onu görməzdən gəlmək bəşəriyyətin indiyədək əldə etdiyi bütün insani dəyərləri, hüquqi normaları tapdalamaq  deməkdir. Dünya birliyi başa düşməlidir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar fəaliyyəti dayandırılmayacağı təqdirdə, Cənubi Qafqaz böyük və dəhşətli müharibənin meydanına çevrilə bilər. İnanmaq istərdim ki, dünya ictimaiyyəti ikili standartları, yersiz təəssübü bir kənara qoyub vicdanı və ədalət hissini rəhbər tutaraq işğalçı Ermənistan rəhbərliyinin törətdiyi hərbi cinayətlərin beynəlxalq aləmdə ifşası məqsədilə əməli addımlar atacaq. Bölgədə davamlı sülhün bərqərar olması bundan çox asılıdır.

Haqqın, sağlam təfəkkürün və insanpərvərliyin təntənəsi ümidilə,

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev

 

JURNALLAR
Faydalı linklər