Xəbərlər
Alimlər ordumuza maddi və mənəvi dəstək göstərirlər
Okt 12, 2020 | 12:29 / Mühüm hadisələr
Oxunub 2277 dəfə

Azərbaycan Silahlı Qüvvələri on gündən artıqdır ki, Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Peşəkar Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində işğal olunmuş Azərbaycan ərazilərinin bir hissəsi qəsbkarlardan təmizlənmiş, düşmənin çoxsaylı zirehli texnikası və hərbi qüvvələri məhv edilmişdir.

Bu parlaq qələbələr, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsində mümkün olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və kollektivi hər zaman olduğu kimi, bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da möhtərəm Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir, müdafiə edir və tam qələbənin əldə ediləcəyinə ürəkdən inanır.

Belə bir şəraitdə şanlı ordumuza dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və kollektivi könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna  337 000 manat məbləğində ianə etmişdir. Hazırda Akademiyanın elmi müəssisə və təşkilatlarında silahlı qüvvələrə könüllü yardım kampaniyası davam edir.

Bundan əlavə, AMEA-nın ixtisaslaşmış elmi müəssisələrində və Yüksək Texnologiyalar Parkında istehsal olunan müxtəlif təyinatlı məhsullar cəbhə bölgəsinə göndərilmişdir.

Həmçinin AMEA-nın çoxsaylı gənc əməkdaşları orduda könüllü xidmət etmək üçün müraciət etmiş, onlardan xüsusi hərbi ixtisasa malik olan 19 əməkdaşın müraciətinə müsbət cavab verilmişdir. Hazırda həmin gənclər orduda xidmət edir, öz xüsusi bilik və bacarıqları ilə ordumuzun qələbəsinə  töhfələrini verirlər.

JURNALLAR
Faydalı linklər