Xəbərlər
Türkiyənin Azərbaycandakı səfiri AMEA-nın Yüksək Texnologiyalar Parkında olub
Sen 22, 2020 | 12:49 / Görüşlər
Oxunub 2756 dəfə

Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

Səfiri AMEA-nın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov, “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov və Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov qarşılayıb.

E.Özoral əvvəlcə ümummilli lider Heydər Əliyevin Parkdakı büstünü ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.

Sonra qonağa texnoparkın fəaliyyət istiqamətləri, burada istehsal olunan ixracyönümlü məhsullar, eləcə də rezidentlər üçün yaradılmış şərait barədə məlumat verilib. Səfir ərazidə fəaliyyət göstərən bir neçə rezidentin istehsalat sahəsi, hazır məhsul anbarı, ixtisaslaşmış laboratoriyası ilə tanış olub.

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “4MAPS Bilgi Teknolojileri” MMC-nin direktoru Abdullah Demirtaş rəhbərlik etdiyi müəssisə haqqında Erkan Özorala məlumat verib.

YT Parkda yaradılan şəraitdən məmnunluğunu bildirən səfir buranın böyük iqtisadi potensiala və perspektivlərə malik olduğunu qeyd edib.

Sonda Türkiyə və Azərbaycanın innovasiya və yüksək texnologiya sahələrində əlaqələrinin inkişafına dair müzakirələr edilib, fikir mübadiləsi aparılıb.

JURNALLAR
Faydalı linklər