Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir.
Sen 08, 2020 | 13:20 / Mühüm hadisələr
Oxunub 1558 dəfə

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunda Elmi Şuranın onlayn iclası keçirilmişdir. İclasın gündəliyinə İnstitutun strukturunda qismən dəyişikliyin edilməsi, 2020-2021-ci tədris ili üzrə İnstitutun magistraturasına qəbul barəsində, Elmi Şuranın tərkibinin yenilənməsi və Akademik Həbib Şahtaxtinskinin 120 illik yubileyinin keçirilməsi haqqında məsələlər daxil edilmişdir.

İclası AMEA-nın vitse-prezidenti,  İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd etdi ki, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bütün zəruri  tədbirlər görülmüş, ölkə ərazisində sosial izolyasiya qaydaları tətbiq olunmuş, xüsusi karantin rejimi elan edilmiş və  artiq yumşalmalar da başlamışdır. İnstitut da, öz fəaliyyətini Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qurmuşdur. İnstitutunun iş və laboratoriya otaqları mütəmadi olaraq dezinfeksiya olunmuş və işə çıxan əməkdaşlar qoruyucu maska, spirt  və digər qoruyucu vsitələrlə təmin olunmuşlar.

Sonra akademik gündəlikdəki birinci məsələyə keçərək bildirdi ki, son il ərzində İnstitutun  4 laboratoriya müdiri dünyasını dəyişmişdir. Həmin laboratoriyalara rəhbər təyin olunmalıdır. Geniş müzakirələrdən sonra bir laboratoriya ləvğ olundu, “Metal –üzvi birləşmələr” laboratoriyasına professor Etibar İsmayılov, “Mineral sorbentlər” laboratoriyasına kimya üzrə elmlər doktoru Zenfira Ağayeva, “Qeyri-üzvi sintetik sorbentlər” laboratoriyasına isə Fəxrəddin Mahmudov  rəhbər təyin olundu.

Daha sonra akademik bildirdi ki, cari ildə institutun magistraturaturasına 4 ixtisaslaşma üzrə 7 bakalavr yüksək balla qəbul olunmuşdur. Bu gün onların elmi işlərinin mövzuları və elmi rəhbərlərinin təsdiqi nəzərdə tutulmuşdur. Müzakirələrdən sonra magistrlərin  elmi rəhbərləri və elmi işləri  təklif olunan dəyişikliklər nəzərə alınmaqla təsdiq olundu.

Akademik Dilqəm Tağıyev qeyd etdi ki, bu il sentyabrın 9-da Azərbaycan SSR əməkdar elm xadimi, akademik Həbib Şahtaxtinskinin 120 illik yubileyidir. AMEA Rəyasət Heyətinin qərarına əsasən görkəmli kimyaçı alimin yubileyi sentyabr ayının 10-da keçiriləcəkdir.

Sonra İnstitutun elmi şurasının tərkibinin qismən dəyişdirilməsi haqqında qərar qəbul edildi.

Sonda akademik bir daha vurğuladı ki, institutun inzibatı binasında işçilərin Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunması təmin edilməli, işçilər arasında sosial məsafənin saxlanılması və qoruyucu maskalardan istifadə edilməsinə ciddi riayət  olunmalıdır.

JURNALLAR
Faydalı linklər