Xəbərlər
Qrant müsabiqələrinə təqdim olunması nəzərdə tutulan layihələr müzakirə edilib
Avg 20, 2020 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 1616 dəfə

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev iclasda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elmi-tədqiqat layihələri”, “Elm-təhsil-sənaye məqsədli” və “Gənc alim və tədqiqatçıların 5-ci qrant” müsabiqələrinə təqdim olunması nəzərdə tutulan layihələrin ilkin müzakirəsinin aparılacağını diqqətə çatdırıb.

Alim institut əməkdaşlarının yalnız ölkə daxilində deyil, həm də xarici ölkələrdə elan olunan qrant layihələrdə davamlı olaraq iştirak etməsinin zəruriliyini vurğulayıb. O qeyd edib ki, bunun üçün müasir baxışlar, yanaşma və çağırışlar öyrənilməlidir: “Bizim cəmiyyət və dövlət qarşısında missiyamız informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud problemləri dərindən araşdırmaq, onların həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmək, Azərbaycan elminə mühüm töhfələr verməkdir”.

R.Əliquliyev qrant layihəsinin təqdimatının anlaşılan olmasının, onun ictimai-siyasi, iqtisadi əhəmiyyətinin aydın əks olunmasının önəmini qeyd edib. Bildirib ki, qrant müsabiqələrinə təqdim olunması nəzərdə tutulan layihələrlə bağlı ətraflı müzakirələrin aparılması üçün onlayn seminarlar təşkil edilməli, təklif və iradlar bildirilməlidir. Bu iclaslarda gənc alim və tədqiqatçılar xüsusilə fəal iştirak etməlidirlər.

Tədbirdə “Elmi-tədqiqat layihələri” üzrə qrant müsabiqəsinə kibertəhlükəsizlik, bulud texnologiyaları, yaşıl iqtisadiyyat, informasiya və biliklər iqtisadiyyatı, intellektual sistemlər, “Elm-təhsil-sənaye məqsədli” qrant layihəsinə sosial şəbəkələrdə anonimləşdirmə və məxfiliyin qorunması, “Gənc alim və tədqiqatçıların 5-ci qrant” müsabiqəsinə isə milli transliterasiya sisteminin yaradılması, e-dövlət xidmətlərindən istifadə kimi mövzularda layihələrin təqdim olunmasının planlaşdırıldığı barədə məlumat verilib.

JURNALLAR
Faydalı linklər