Xəbərlər
İnstitutun qocaman elmi işçisi dünyasını dəyişib.
Avg 17, 2020 | 14:00 / Mühüm hadisələr
Oxunub 1732 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Kompozisiya örtük materialları  və  korroziyadan   mühafizə”  laboratoriyasının aparıcı elmi işçisi, dosent  İzida Məmmədyarova ömrünün 90 yaşında vəfat edib.

İzida Məmmədyarova 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakultəsini bitirmişdir. 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasının Kimya  İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. İzida xanım 1967-ci ildə apardığı tədqiqatların nəticəsi olan korroziya üzrə dissertasiya işini müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsini almışdır. İzida Məmmədyarova 1970-ci ildə baş elmi işçi diplomunu almışdır.

İzida Məmmədyarova tərəfindən müxtəlif  mühitlərdə (neftdə, turşularda, ikifazalı sistemlərdə elektrolit -karbohidrogen) metalların korroziyası öyrənilmiş korroziyadan  müdafiə üçün müxtəlif  ingibitorlar alınaraq tətbiqə tövsiyə edilmişdir.

Eyni zamanda onun tərəfindən müxtəlif neft yataqlarından çıxarılan maye karbohidrogenlərin polad məmulatların korroziyasına təsiri öyrənilmiş və müəyyən edilmişdir ki, korroziyanın aktivliyi karbohidrogenlərin tərkibindən, xüsusi çəkisindən, özlülüyündən asılıdır.

İzida Məmmədyarova 200-ə yaxın elmi işin, o cümlədən 38 müəlliflik şəhadətnaməsi və patentin, 1 monoqrafiyanın həmmüəllifidir.

İzida xanımın xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

JURNALLAR
Faydalı linklər