Xəbərlər
AMEA Yüksək Texnologiyalar Parkının yeni direktoru kollektivə təqdim olunub
Avg 14, 2020 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 1587 dəfə

AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub.

Tədbiri AMEA-nın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov açaraq V.Abbasovu kollektivə təqdim edib, onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən danışıb. O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin, E.Məmmədov YT Parkın fəaliyyətinin AMEA üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar bu qurumda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.

Tədbirdə çıxış edən Vasif Abbasov təyinatına görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirib, parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkının sabiq direktoru, akademik Əli Abbasov AMEA prezidentinin innovasiya və elmin kommersiyalaşdırılması üzrə müşaviri vəzifəsinə təyin olunub.

 

JURNALLAR
Faydalı linklər