Xəbərlər
AMEA-nın prezidenti Moldova Elmlər Akademiyasının prezidenti ilə görüşüb
Sen 05, 2016 | 09:30 / Görüşlər
Oxunub 5620 dəfə

Sentyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademikAkif Əlizadə Moldova Elmlər Akademiyasının (MEA) prezidenti, akademikGeorgi Dukanı qəbul edib. Qonağı salamlayan akademik Akif Əlizadə AMEA-nın fəaliyyəti və həyata keçirilən islahatlar haqqında məlumat verib. Akademik bildirib ki, AMEA dünyanın bir çox elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir, təcrübə və kadr mübadiləsi aparır, müştərək layihə və tədqiqatlar həyata keçirir. Akademiya ilə MEA arasında da elmi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən AMEA-nın prezidenti gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, MEA-nın prezidenti, akademik Georgi Duka akademik Akif Əlizadəyə səmimi qəbula görə minnətdarlığını bildirib. Rəhbərlik etdiyi qurumun nailiyyətlərindən danışan qonaq MEA-nın nəzdində istedadlı uşaqlar üçün liseyin fəaliyyət göstərdiyini deyib. Həmçinin akademik Georgi Duka MEA tərəfindən bağlanılan ikitərəfli müqavilələr haqqında da geniş məlumat verib. O qeyd edib ki, bu müqavilələrə əsasən hər iki iştirakçı ölkənin prioritetlərinə uyğun olaraq müştərək layihələr həyata keçirilir.

Akademik Akif Əlizadə AMEA-da magistratura təhsil pilləsinə qəbulun nəticələrindən danışaraq bildirib ki, qəbulda ən böyük müsabiqə məhz akademiyada müşahidə edilib. AMEA-nın prezidenti bunu akademiyanın institutlarının böyük elmi potensiala malik olması, elmi müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsi və yeni avadanlıqlarla təchiz edilməsi ilə əlaqələndirib.

MEA-nın prezidenti, akademik Georgi Duka hər iki ölkənin hökuməti ilə razılaşdırılmış ikitərəfli proqramın hazırlanmasını təklif edib.

Akademikin bu təklifi AMEA rəhbərliyi tərəfindən rəğbətlə qarşılanıb.

Görüşün sonunda MEA-nın prezidenti akademik Akif Əlizadəni gələn ilin mart ayında Moldovada təşkil olunacaq konfransda iştirak etməyə dəvət edib.

Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak edib.

JURNALLAR
Faydalı linklər