Xəbərlər
Tovuz döyüşləri müzəffər ordumuzun gücünü, xalq və hakimiyyət birliyini bir daha nümayiş etdirdi
İyl 23, 2020 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 2525 dəfə

Bütün dünyanın COVID-19 virusu ilə mübarizə apardığı bir dönəmdə Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-dən etibarən Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində təxribat törədilməsi, dinc əhalinin və ordumuzun bölmələrinin artilleriya atəşinə tutulması qarşı tərəfin məkrli siyasətinin aydın təzahürüdür. Atəşkəs dövründə düşmənin Yuxarı Qarabağ daxil olmaqla, işğal altında saxladığı yeddi rayonun sərhədlərindən xeyli uzaqda növbəti hərbi təxribat məqsədli səyləri illərdir dünyaya anlatmağa çalışdığımız erməni təcavüzünün və işğalçı siyasətinin daha bir bariz mənzərəsidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov deyib. O bildirib ki, işğalçı Ermənistan davamlı olaraq həmsərhəd rayonlarımız boyunca təxribat məqsədli hücumlar təşkil edir, təcavüzkar xislətlərini açıqca büruzə verir. Həmişə olduğu kimi bu dəfə də Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti və göstərişi ilə Azərbaycan Ordusu nəinki düşmən təxribatının qarşısını aldı, həmçinin sarsıdıcı cavab zərbələri endirərək düşmənin atəş nöqtələrini, çoxsaylı döyüş texnikasını və canlı qüvvələrini məhv etdi.

Mövcud atəşkəs rejiminin tələblərini kobud surətdə növbəti dəfə pozaraq Azərbaycanın dinc əhalisinə və sərhəd ərazilərdə yerləşən ordu bölmələrimizə endirilən artilleriya zərbələri Ermənistan hakimiyyətinin təcavüzkar siyasətini ifşa etməklə bərabər, qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmət və əməl etməyən ermənilərin təxribatçı siyasi imici haqda yaranan klassik təsəvvürləri qlobal miqyasda daha da zənginləşdirmiş oldu. Belə ki, indiyə qədər BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycana məxsus zəbt edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən məlum 4 qətnaməsinə açıq-aşkar saymazlıq edən Ermənistanın iqtidar hakimiyyəti növbəti təxribatı ilə BMT Baş katibinin COVID-19 pandemiyası ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünə qarşı sərgilədiyi humanizm mövqeyi ilə hesablaşmadığını, eləcə də işğalçı siyasi ambisiyalarının hər şeydən vacib olduğunu dünyaya nümayiş etdirdi.

“Bütün bunlara rəğmən, Azərbaycan hökuməti, ordusu və xüsusən xalqın son olaylarla bağlı göstərdiyi həssas reaksiya Ermənistan hakimiyyəti, o cümlədən onlara dəstək verənlərə açıq bir mesaj kimi qiymətləndirilməlidir. Belə ki, iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə on minlərlə sadə vətəndaşın yürüşü xalqımızın işğalçı və təxribatçı siyasi baxışlara qarşı həmrəy etirazının, həmçinin milli maraqlar kontekstində xalq və hakimiyyət birliyinin göstəricisi idi. Bütün Azərbaycan xalqı, o cümlədən gənc nəsil çox yaxşı anlayır ki, yaşadığımız bu Vətən, üzərində gəzdiyimiz bu torpaq hər birimizindir və bizim üçün şəhid olmaq ən böyük şərəfdir. Həmin yürüşdə səsləndirilən şüarlar da vətəndaşlarımız üçün Vətən uğrunda şəhid olmağın nə qədər şərəfli və arzulanan hiss olduğunu dünyaya nümayiş etdirdi”, - deyə F.Məmmədov vurğulayıb.

 

 AZƏRTAC

JURNALLAR
Faydalı linklər