Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür
İyn 26, 2020 | 11:00 / Yeni nəşrlər
Oxunub 120 dəfə

Xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 102-ci ildönümünü qeyd edir. Söz yox ki, ölkəmizin dövlət quruculuğu prosesinin əhəmiyyətli aspektlərini əks etdirən bu mühüm tarix həm də müstəqilliyimizin əldə edilməsi baxımından, qürurdoğurucu faktor olaraq əks olunmaqdadır. 1918-ci ilin 26 iyununda imzalanmış fərmanla Azərbaycanın Milli Ordusu yaradıldı. O dövrdə gənc, demokratik Azərbaycan Respublikasının siyasi quruluşu düşmənlərin hədəfində idi, xalq ciddi təhlükələrlə qarşı-qarşıya qalmışdı. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi və bu tələb qısa dövr ərzində uğurla həyata keçirilmişdi. Azərbaycanın müstəqillik tarixində imzasını qoyan Milli Ordu sıralarımız genişlənmiş və çox çətin sınaqlardan çıxaraq, adını milli dövlətçiliyimizin səhifələrinə qızıl hərflərlə yazmışdır.  

Təəssüf ki, o dövrün siyasi təlatümləri, böyük dövlətlərin ölkəmizə olan məkrli maraqları və digər amillər Şərqin ilk Demokratik Cümhuriyyətinin müstəqilliyinin qorunub-saxlanılmasını mümkünsüz etdi.

Azərbaycan dövləti yenidən öz müstəqillik dövrünü yaşamaqdadır. Bu gün Azərbaycanın Silahlı Qüvvələri  Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdir və dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bu reallığın həyata keçirilməsində, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Ordu quruculuğu prosesi böyük əmək və siyasi təcrübə tələb edir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə bu faktora böyük önəm vermiş, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.

“Azərbaycanın Silahlı Qüvvələri yaxın zamanlarda ən müasir orduya çevrilərək, regionda və dünyada sülhün bərqərar olması üçün öz sözünü demək qüdrətinə sahib olacaqdır!”, - deyə vurğulayan ulu öndər Heydər Əliyev əlbəttə ki, öz uzaqgörən siyasəti ilə bu həqiqətin gerçəkləşəcəyinə əminliyini nümayiş etdirmişdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordu quruculuğu prosesinin sürətli, dinamik tərəqqisi istiqamətində çox nəhəng və mükəmməl addımlar atmaqdadır. 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş Lələtəpə zəfəri, eləcə də Cocuq Mərcanlının azad edilməsi bu həqiqətləri kifayət qədər ehtiva etməkdədir. 2017-ci ilin mayında Naxçıvanda qazanılmış Günnüt qələbəsi də əldə edilən zəfərlərin davamı olmuşdur.

Ali Baş Komandan İlham Əliyevin göstərdiyi davamlı siyasi səylər nəticəsində Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Keçirilmiş möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorla mübarizədə mühüm faktora çevrilib və bu gerçəklik həm də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, ordumuz Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı çox yaxın zamanlarda azad edəcək, regionda və dünyada sülhün təminatçısı rolunu daha böyük uğurlarla, qələbə və zəfərlərlə həyata keçirəcək.    

Bu gün hər birimiz Silahlı Qüvvələrimizin bayramını qürurla qeyd edir, bu bayramın tarixi əhəmiyyətini anlamaqla yanaşı, müstəqil Azərbaycanımızın güclənməsindən sonsuz fərəh hissləri keçiririk. Ordumuzun yaradılmasının 102-ci ildönümü münasibəti ilə zabit və əsgərlərimizi təbrik edir, növbəti qələbələrə və zəfərlərə imza atmalarını arzulayırıq. Bayramınız mübarək!

Sevil Zülfüqarova, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru

science.gov.az

JURNALLAR
Faydalı linklər