Xəbərlər
AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv Avrasiya ölkələri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub
Mart 03, 2020 | 09:40 / Mühüm hadisələr
Oxunub 107 dəfə

Martın 2-də AMEA Rəyasət Heyətində “Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv Avrasiya ölkələri ilə əməkdaşlıq perspektivləri” mövzusunda müşavirə keçirilib.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə görüşüblər.

Prezident İlham Əliyevin elm siyasətinin həyata keçirilməsində AMEA-nın rolundan danışan akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlardan bəhs edib. Azərbaycanla Rusiya, eləcə də digər MDB ölkələrinin elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edən akademik Ramiz Mehdiyev Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə elmi əməkdaşlıq perspektivlərini xüsusi vurğulayıb.

AMEA rəhbəri fundamental və təcrübi tədqiqatları və ən son texnologiyaların tətbiqi ilə uğurlu inteqrasiyanı özündə birləşdirən dünyaca məşhur elmi mərkəzlə əməkdaşlığın əhəmiyyətini bildirib, bugünkü görüşün elmi əlaqələrimizi daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib.

Sonra Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini, akademik Qriqori Trubnikov son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı elmi əlaqələrin əhəmiyyətli dərəcədə artdığını bildirib. Rusiya-Azərbaycan elmi əməkdaşlıq münasibətlərini yüksək dəyərləndirən nazir müavini son illər Rusiyada bir sıra elmi istiqamətlər üzrə həyata keçirilən layihələr barədə danışıb.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev və Qazaxıstan Respublikasının BNTİ-nin səlahiyyətli nümayəndəsi, müxbir üzv Erqazi Kenjin əməkdaşlıq perspektivləri barədə söz açıblar.

Sonra “Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv Avrasiya ölkələri ilə əməkdaşlıq perspektivləri” mövzusunda müşavirə keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq Azərbaycanla Rusiya arasındakı elmi əlaqələri yüksək qiymətləndirib. Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini, akademik Qriqori Trubnikov ölkələrimiz arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərindən söz açıb, AMEA-da keçirilən tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müştərək elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini önə çəkib.

Müşavirədə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Qazaxıstanın BNTİ-dəki səlahiyyətli nümayəndəsi, müxbir üzv Erqazi Kenjin, akademik Adil Qəribov, özbəkistanlı nümayəndə Ənvər İnoyatov, BNTİ-nin Maliyyə-iqtisad idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru Mixail Vasilyev və başqaları məruzələrlə çıxış ediblər.

Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Sonda Azərbaycan Milli Elmlər Akademiyası ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Görüşdə AMEA Rəyasət Heyətinin üzvləri, ali təhsil müəssisələrinin rektorları, bir sıra ölkələrin səfirləri, xarici ölkələrin səlahiyyətli nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

science.gov.az

 

JURNALLAR
Faydalı linklər