Xəbərlər
Akademik Dilqəm Tağıyevin və Prof. Asif Məmmədovun "Gələcəyin kimyası" kitabı işıq üzü görüb
Fev 05, 2020 | 13:46 / Nəşrlər
Oxunub 3095 dəfə

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və İnstitutun laboratoriya müdiri, professor Asif Məmmədovun Gələcəyin  kimyası”  adlı kitabı çapdan çıxıb.

Əsər kimyanın yaxın gələcəkdə və daha uzaq dövr üçün perspektiv inkişaf istiqamətlərinə həsr olunmuş Azərbaycan dilində olan ilk kitabdır. Kitabda kimyanın və kimya ilə qovşaqda fizika, bioloğiya elmlərinin yeni nailiyyətlərinə, o cümlədən son illərdə Nobel mükafatlarına layiq görülmüş tədqiqatlara əsaslanaraq kimyanın inkişafının strateji istiqamətləri öz əksini tapmışdır. Nəşrdə “Ağıllı” və funsional materiallar, o cümlədən kompozitlər, supramolekullar, molekulyar maşınlar, topolojı izolyatorlar, biosensorlar, litium ion batareyaları haqqında məlumat verilir. Molekulyar və qeyri-molekulyar təbiətli birləşmələrin qurluşu, kimyəvi rabitələrin kvant təbiəti, çevrilmələrin femtozaman və nanoölçü miqyaslarında metadinamikasının mexanizmi izah edilir, kimyəvi maddələrin quruluşu və kimyəvi reaksiyalar estetik mövqedən – “gözəl kimya” mövqeyindən təqdim edilir.

Kitabın mühüm cəhətlərindən biri də odur ki, mövzular yığcam şəkildə təqdim edilir, izahlar daha asan başa düşüləndir və elmin populyarlaşdırılması baxımından dəyərli bir əsərdir.

Yeni nəşr elmi işçilər, doktorant, magistr və tələbələr üçün nəzərdə tutulub. Kitab  elmi-populyar forma və məzmunda yazıldığından daha geniş oxucu kütləsi tərəfindən də, istifadə oluna bilər.  

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.

Dilqəm Tağıyev, Asif Məmmədov. Gələcəyin kimyası. Bakı: "Elm", - 344 s.

JURNALLAR
Faydalı linklər