Xəbərlər
Ulduzlararası fəzada ilk dəfə olaraq vacib "həyat molekulu" aşkar olunub.
Fev 05, 2020 | 10:06 / Maraqlı məlumatlar
Oxunub 3079 dəfə

Ulduzlar arası kosmik qaz toplusu arasında DNT və RNT-nin 5 əsas tikinti blokundan biri - adenin maddəsinin "əcdadı" olan molekul aşkar olunub. Maddə Günəşə bənzər bir ulduzun yaxınlığında qeydə alınıb. Elmi işin nəticələri Monthly Notices of the Royal Astronomical Society jurnalında dərc olunub. Tədqiqatın müəllifləri isə London şahzadə Mariya Universitetindən olan Şaoşan Tzen və onun tədqiqat qrupudur.

Maddəyə gəldikdə isə, söhbət qlikolonitrildən ( HOCH2CN ) gedir. Belə hesab olunur ki, qədim zamanlarda Yerdə məhz bu molekuldan adenin əmələ gəlib. Xatırladaq ki, adenin DNT və RNT-ni təşkil edən 5 nukleotiddən biridir. DNT üçün bu nukleotidlər adenin, quanin, sitozin və timindir. RNT-də isə timinin yerinə urasildir.

Yeni kəşf IRAS16293-2422 B sisteminin müşahidəsi zamanı qeydə alınıb. Bu sistem Yerdən 450 işıq ili məsafəsində yerləşən İlan bürcünün tərkibindədir. Müşahidə ALMA radioteleskopu vasitəsilə həyata keçirilib. Astronomlar qlikolonitrilə aid 15 spektral xətt müşahidə ediblər. Bu zaman maddənin yerləşdiyi iki region aşkar olunub. Birincisi soyuq (-249 ± 8° C), ikincisi isə nisbətən isti (-115 ± 38° C) region.

"Həyat molekulu"nun miqdarı isə çox azdır. Birinci sahədə onun miqdarı hidrogenin miqdarı ilə nisbətdə təxminən 6 ∙ 10⁻¹⁰, ikinci sahədə isə bundan da az, 6,5 ∙ 10⁻¹¹ təşkil edir. 

Buna baxmayaraq, mütəxəssislər bu maddənin hətta bu qədər kiçik miqdarının necə əmələ gəldiyi barədə fikir bildirməyə hazır deyillər. Onlar maddənin kosmik şüaların təsiri altında yaranmasını modelləşdiriblər. Lakin nəticələrə əsasən, bu zaman daha az miqdar alınmalı idi.

"Biz göstərdik ki, həyat üçün vacib olan bu molekul planet və ulduzların əmələ gəldikləri maddələrdən əmələ gələ bilər. Bu isə bizə Yerdə həyatın necə yaranması haqqında suallara  cavab tapmağa imkan verəcək. " - deyə, tədqiqatın rəhbəri Tzen bildirib.

JURNALLAR
Faydalı linklər