Xəbərlər
Qan qrupları nə ilə fərqlənir ?
Fev 03, 2020 | 10:33 / Maraqlı məlumatlar
Oxunub 4421 dəfə

İnsanlarda 4 tip qana rast gəlinir. Amma müxtəlif insanlarda və heyvanlarda qanın fərqli olduğunu insanlar yalnız 100 ildən bir qədər artıq müddətdir ki, müəyyən edə biliblər. XVII əsrdə ruhi xəstəlikdən əziyyət çəkən insanlara quzu qanı vururdular. Bu yolla onu sakitləşdirməyə çalışırdılar. Və elə buna nail olurdular da. Həmin insan birdəfəlik, əbədi olaraq sakitləşirdi. XIX əsrdən başlayaraq isə insandan insana qan köçürülməsinə başlandı. Lakin bu da ilk vaxtlar lazımi nəticəni vermirdi. Həkim Karl Landtşteyner insanlarda qan qruplarının müxtəlif olduğunu müəyyən edənə qədər bu belə də davam etdi.

Landtşteyner müşahidə etdi ki, bir insanın qanındakı eritrositlərlə başqa bir insanın qanını qarışdırdıqda bəzən eritrositlər bir yerə toplanır (yapışırlar), bəzən isə yox. Bir sıra tədqiqatlardan sonra Karl Landşteyner 3 müxtəlif qan qrupunu aşkar etdi. Buna görə o həm də Nobel mükafatı aldı. Qan qruplarının 4 qrupa ayrılmasını isə ilk dəfə digər bir həkim, Yan Yanski təklif edib.

Yaxşı bəs bu qan arupları nə ilə fərqlənir ? - Məsələ burasındadır ki, hər bir eritrositin daxilində hemoqlobin adlanan zülal yerləşir. Hemoqlobin oksigenin orqanlara daşınmasında iştirak edir. Eritrositlər xaricdən antigenlərdən ibarət membranla örtülmüşdür. Həmin antigenlər ağ qan hüceyrələri - leykositlərlə qarşılıqlı təsirdə ola bilir. Bu yolla leykositlər öz eritrositlərini tanıyırlar və onlara əks reaksiya vermirlər. Yəni, bu antigenlər bir növ orqanizmin fərqləndirici əlamətidir. Eritrositlərdə 2 növ antigen ola bilər. Bu antigenlər şərti olaraq A və B hərfləri ilə işarə olunur. Antigenlər "allel" adlanan genlərlə kodlaşdırılır. Allellər - eyni genin iki müxtəlif formasıdır. 3 növ allel mövcuddur. Allel A, allel B və allel 0 (sıfır, yəni antigen yoxdur).

Antigenlər valideyndən övlada irsi olaraq keçir. Bütün genlər kimi, antigenlər də dominant və ressesiv ola bilir. Dominant əlamətlər üstünlük təşkil edən və tez - tez meydana çıxan əlamətlər, ressesiv əlamətlər isə, əsasən üzə çıxmayan əlamətlərdir. Əgər valideynlərin qan qrupları eynidirsə, onda böyük ehtimalla övladın da qanı eyni olacaq. Əgər məsələn, valideynlərdən biri A, digəri isə B antigeninin daşıyıcısıdırsa, onda övladın qanı AB - yəni IV qrup olacaq. Bu onunla əlaqədardır ki, həm A, həm də B antigenləri dominantdırlar.

Allel 0 isə ressesiv əlamətdir. Bu səbəbdən övladın qan qrupunun I olması üçün hər iki valideyn I qan qrupuna malik olmalıdır.

Ümumilikdə 4 qan qrupu mövcuddur. I qrup (allel sıfır), II qrup (allel A), III qrup (allel B) və IV qrup (allel A və B). Bir insandan digərinə qan köçürülməsi zamanı məhz bu əlamət əsas tutulur. Əgər məsələn, III qan qrupu olan insana IV qan qrupu köçürülərsə, onda orqanizm buna əks reaksiya verəcək. Leykositlər yeni köçürülmüş eritrositlərə hücuma keçəcəklər. Bu ona görə baş verir ki, IV qrup qanın eritrositlərində A antigeni də mövcuddur. Bu antigen isə III qrupa yaddır. I qan qrupunu isə bütün digər qruplara köçürmək olar. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu qanda antigenlər mövcud deyil.

Qan qruplarının yaranma tarixinə gəldikdə isə, I qrup qan ən qədim qan qrupu hesab olunur. Belə güman olunur ki, ilk insanlarda məhz bu qan qrupu olub. Ən cavan qan qrupu isə IV qrupdur. Onun yaranma tarixi 1000 ildən bir qədər artıq müddətdir.

JURNALLAR
Faydalı linklər