Xəbərlər
Dünya şöhrətli alim
Dek 29, 2019 | 11:00 / Mühüm hadisələr
Oxunub 2137 dəfə

Azərbaycan kimya elminin zəngin ənənələri və nailiyyətləri ilk növbədə bu sahədə elmi məktəblərin yaradıcıları olan akademiklər Yusif Məmmədəliyevin, Murtuza Nağıyevin, Əli Quliyevin, Vahab Əliyevin, Həbib Şahtaxtinskinin, Sultan Mehdiyevin və başqalarının adı ilə bağlıdır. Bu görkəmli alimlər Azərbaycan elminin inkişafında əvəzsiz rol oynayaraq kimya elminə böyük töhfələr vermişlər.
Azərbaycan elmi ötən əsrin 90-cı illərindən ardıcıl olaraq tənəzzül, şaşqınlıq, bərpa illərini arxada qoyaraq ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və dəstəyi sayəsində inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlar elmin başqa sahələri kimi kimya elminin də yeni və perspektiv istiqamətlər üzrə inkişafına təkan vermiş və son illərdə bir sıra nailiyyətlərin əldə edilməsinə imkan vermişdir. Bu uğurların əldə edilməsində 2013-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin akademik katibi vəzifəsində çalışmış, 2016-cı ildən AMEA-nın vitse-prezidenti, 2014-cü ildən akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin də xüsusi yeri vardır.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Nyu York Elmlər Akademiyasının, Beynəlxalq Seolit Assosiasiyasının, Amerika Kimya Cəmiyyətinin, Rusiya Təbiətşünaslıq Akademiyasının və Avropa Mütərəqqi Materiallar Assosiasiyasının üzvü, SSRİ Lenin komsomolu mükafatı laureatı, Əməkdar müəllim, kimya elmləri doktoru, professor Dilqəm Bəbir oğlu Tağıyev 1950-ci ilin yanvar ayının 6-da Kəlbəcər rayonunda həkim ailəsində anadan olmuşdur.
1956-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində məktəbin birinci sinfinə gedən Dilqəm Tağıyev 1958-ci ildə ailəsi ilə Ağdama köçəndən sonra həm də uşaq və orta musiqi məktəblərində təhsil almışdır. Kimya və fizika fənlərinə xüsusi maraq göstərən, dəfələrlə fənn olimpiadalarında iştirak edən Dilqəm Tağıyev 1966-cı ildə orta məktəbi bitirərək çox yüksək müsabiqə şəraitində qəbul imtahanlarının hamısından əla qiymət alaraq Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin gündüz şöbəsinə qəbul olunmuşdur.
Tələbə olduğu dövrdə istedadı, zəhmətsevərliyi və erudisiyası ilə fərqlənən gənc Dilqəm dərs əlaçısı olmaqla bərabər, hələ I kursdan elmi işlərə böyük həvəs göstərmişdir. “Azərbaycan mineral sularının hidrokimyəvi xarakteristikası” adlı ilk elmi işini yerinə yetirmişdir. 1967-ci ildə “Zaqafqaziya baharı” tələbə konfransında məruzə edən Dilqəm Tağıyev Fəxri fərmanla mükafatlandırılmışdı.
İlk uğurdan daha da ruhlanan gənc tələbə II kursda skandiumin analitik təyini üzrə təcrübi tədqiqatlarla məşğul olmağa başlamışdır. Ona aspirantların otağında işləməyə icazə vermiş analitik kimya kafedrasının müdiri, professor Murtuza Əhmədli və xüsusən də, onun elmi rəhbəri (sonralar həmin kafedranın müdiri seçilən), dosent Dəmir Qənbərovun qayğısı diplom işi səviyyəsində olan tədqiqat işini uğurla başa çatdırmağa imkan verdi. Həmin tədqiqatların nəticələri 1969 və 1970-ci illərdə Tartu (Estoniya) və Novosibirsk universitetlərində keçirilən Tələbə elmi konfranslarında məruzə edilmiş və Novosibirsk Dövlət Universitetinin III dərəcəli diplomuna layiq görülmüşdür. Yaş fərqinə və tutduqları mövqeyə baxmayaraq, tələbə və “sevimli müəllim” Dəmir Qənbərov arasında səmimi dostluq axırıncının ömrünün sonuna qədər davam etmişdi.
Elmi və ictimai işlərdə yüksək fəallıq nümayiş etdirən Dilqəm Tağıyev 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Tələbə elmi cəmiyyətinin sədri və universitet komsomol komitəsinin büro üzvü seçildi. Məsuliyyətli ictimai işlərdə çalışmaq onu elmi işlərdən uzaqlaşdırmadı, aldığı elmi nəticələr 1971-ci ildə Novosibirsk və Tbilisi universitetlərində Tələbə və aspirantların elmi konfransında müzakirə edildi və Bakı Dövlət Universitetinin Gənc alimlər konfransında I dərəcəli diploma layiq görüldü.
1971-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Dilqəm Tağıyev təyinatla həmin universitetdə baş laborant saxlanılmışdı. Universitetin rektoru, akademik Faiq Bağırzadə ona, eyni zamanda Universitet komsomol komitəsinin katibi vəzifəsində işləməyi təklif etsə də, o, aspiranturaya daxil olaraq Moskvaya getməyi qərara almışdı. Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun məqsədli aspiranturasına daxil olan Dilqəm Tağıyev 1971-ci ilin dekabr ayında Moskvaya, SSRİ Elmlər Akademiyasının N.D.Zelinski adına Üzvi Kimya İnstitutuna göndərildi. İxtisas imtahanında yüksək bilik nümayiş etdirdiyinə görə görkəmli alim, akademik H.M.Minaçev gənc aspiranta rəhbərliyi öz üzərinə götürdü. Onun laboratoriyasında katalizdə qabaqcıl və ümidverici sahə hesab edilən kristallik alümosilikatlar (seolitlər) sahəsində tədqiqatlar yenicə başlanırdı. D.B.Tağıyevin tədqiqatları nəticəsində müşahidə edilən yeni effekt - tərkibində keçid elementləri saxlamayan seolitlərin hidrogenləşmə reaksiyasını aparmaq qabiliyyətinin aşkar edilməsi, tədqiqatların istiqamətini dəyişməyə və bir sıra gözlənilməz və maraqlı nəticələr almağa imkan verdi. 1974-cü ildə Üzvi Kimya İnstitutunda “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsində 3-cü mükafata layiq görülməsi bu tədqiqatlara verilən yüksək qiymət idi.
1975-ci ilin yanvar ayının 7-də Dilqəm Tağıyev N.D.Zelinski adına Üzvi Kimya İnstitutunun Elmi Şurasının iclasında namizədlik dissertasiyasını müdafiə edir. Moskvada belə gənc yaşında və üç il ərzində müdafiə etmək nadir hallarda kiməsə qismət olurdu, bu azərbaycanlı tədqiqatçı üçün böyük uğur idi. Bakıya qayıdandan sonra Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda əvvəlcə mühəndis, sonra kiçik elmi işçi işləyən Dilqəm Tağıyev seolit katalizi sahəsində tədqiqatları davam etdirir. Karbohidrogenlərin oksidləşdirici dehidrogenləşmə reaksiyasında tərkibində keçid elementləri olmayan seolitlərin yüksək aktivlik nümayiş etdirməsi onun tədqiqatlarını yeni elmi istiqamət kimi formalaşdırmağa və elmi axtarışların sərhədlərini xeyli genişləndirməyə imkan verdi. 1978-ci ildə böyük elmi işçi vəzifəsinə seçildikdən sonra bu sahədə tədqiqatların intensivliyi daha da artdı, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələrin, Beynəlxalq simpoziumlarda və Ümumittifaq konfranslarda məruzələrin sayı getdikcə artmağa başladı. 1978-1981-ci illərdə Kataliz üzrə Sovet-Amerika simpoziumlarında (Bakı), V Sovet- Yapon seminarında (Daşkənd), Neft kimyası üzrə Sosialist ölkələrinin I və II simpoziumlarında (Bakı və Leypziq, ADR), Heterogen kataliz üzrə IV Beynəlxalq simpoziumda (Varna, Bolqarıstan), XII Mendeleyev qurultayında (Bakı) edilən məruzələr, 1982-ci ildə kimya sahəsində ən nüfuzlu jurnallardan biri olan “Uspexi ximii” jurnalında seolitlər üzərində oksidləşdirici kataliz mövzusunda nəşr olunan icmal xarakterli məqalə, bu sahədə ilk ümumiləşdirilmiş məqalə kimi Dilqəm Tağıyevin tərəfindən yeni elmi istiqamətin formalaşmasından xəbər verirdi.
1982-ci ilin ortalarında Moskvaya, N.D.Zelinski adına Üzvi Kimya İnstitutuna bir il müddətinə ezam edilən Dilqəm Tağıyev akademik H.M.Minaçevin laboratoriyasında termiki desorbsiya, izotop mübadiləsi, rentgen fotoelektron spektroskopiyası sahəsində apardığı tədqiqatlar yeni formalaşdırdığı elmi istiqamətin daha da inkişaf etdirilməsində və yeni elmi nəticələrlə zənginləşməsində önəmli rol oynamışdı. Onun elmi uğurlarını nəzərə alan SSRİ EA-nın Neft kimyası üzrə Elmi Şurası 1982-ci ildə Çexoslovakiyanın Marianske Lazne şəhərində keçirilən Neft kimyası üzrə Sosialist ölkələrinin III Simpoziumunda iştirak edən elmi-turizm qrupunun rəhbəri kimi Dilqəm Tağıyevi təsdiq etmişdi. Həmin simpoziumda onun elmi məruzəsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdi. Seolit katalizatorlarından istifadə etməklə tsikloolefinlərin yeni sintez üsulunun Dilqəm Tağıyev tərəfindən təklif edilməsi bir çox elmi və sahə müəssisələrin diqqətini cəlb etmişdi. Kaprolaktam istehsalının alternativ variantının yaradılması ilə məşğul olan Moskvadakı Dövlət Azot Sənayesi İnstitutu və SSRİ EA-nın Neftkimya Sintezi İnstitutu ilə aparılan birgə tədqiqatların məqsədi iritonnajlı məhsul olan kaprolaktamin istehsalı üçün yeni texnoloji sxem hazırlamaq idi. Çoxpilləli prosesin birinci mərhələsi Dilqəm Tağıyevin tədqiqatları ilə əlaqədar idi. Onun bu mərhələ üçün təklif etdiyi katalizator pilot qurğusunda müsbət nəticə ilə sınaqdan keçirildi. İritonnajlı digər sənaye prosesi olan stirol istehsalını intensivləşdirmək məqsədilə Dilqəm Tağıyev tərəfindən təklif edilən katalizator da Sumqayıt Sintez Kauçuk zavodunda uğurla sınaqdan çıxdı. Bu işlər prioritet xarakterli fundamental tədqiqatların praktiki əhəmiyyət kəsb edən proseslərə tətbiqi baxımından böyük maraq doğururdu.
Seolitlər üzərində oksidləşdirici və hidrogenləşdirici kataliz sahəsində aparılan geniş tədqiqatlar nəticəsində əldə edilən mühüm elmi nəticələr ciddi rəqabətə baxmayaraq, bir çox aparıcı elmi mərkəzlərin rəyindən sonra 1983-cü ildə SSRİ Lenin komsomolu mükafatına layiq görülmüşdü. Dilqəm Tağıyev kimya və kimya texnologiyası sahəsində bu mükafata layiq görülən yeganə azərbaycanlı alim olmuşdu. Həmin il Varnada keçirilən Heterogen kataliz üzrə V Beynəlxalq simpoziumda onun tədqiqatlarının təqdimatı böyük maraqla qarşılanmışdı.
Elmi tədqiqatlarını uğurla davam etdirən 34 yaşlı gənc alim 1984-cü ilin aprel ayının 12-də SSRİ EA-nın Üzvi Kimya İnstitutunda doktorluq müdafiəsi üzrə Dissertasiya Şurasının qapalı iclasında dissertasiya müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Kataliz sahəsində məşhur alimlər A.M.Rubinşteyn, A.Y.Rozovski, K.V.Topçiyeva, O.V.Krılov, V.B.Kazanski, B.K.Nefedov və başqaları azərbaycanlı gənc alimin dissertasiya işini yüksək qiymətləndirmişdilər. Əsasən əcnəbi oxucular üçün nəzərdə tutulan “Nauka v SSSR” jurnalının 1985-ci il, 5 saylı nömrəsində onun tədqiqatlarına həsr olunmuş məqalə çap olunmuşdu. Plovdiv şəhərində keçirilən gənc ixtiraçıların Ümumdünya sərgisində Dilqəm Tağıyevin katalizatoru nümayiş etdirilmiş və Fəxri fərmanla qeyd edilmişdir.
Dilqəm Tağıyev 36 yaşında Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təsdiq olunmuş, “Əməkdə fərqləndiyinə görə” medalı ilə təltif edilmiş və “Metal-kompleks kataliz” laboratoriyasının müdiri seçilmişdir. 1985-ci ildən fasiləsiz olaraq pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Neft və Kimya İnstitutunda və onun Sumqayıt filialında mühazirələr oxumuşdur.
SSRİ EA Rəyasət Heyətinin 1987-ci ilin oktyabr ayında keçirilən yubiley iclasında seolitlər üzərində oksidləşdirici dehidrogenləşmə sahəsində aparılan tədqiqatlar kataliz sahəsində mühüm elmi nəticə kimi qeyd edilmişdir (Vestnik AN SSSR, 1987, № 12). Dilqəm Tağıyevin kataliz sahəsində elmi uğurları nəzərə alınaraq o, SSRİ EA-nın Kataliz üzrə Elmi Şurasının tərkibinə daxil edilmişdir.
1989-cu ildə Dilqəm Tağıyevin “Kristallik alümosilikatlar katalizdə” monoqrafiyası nəşr olunmuş və yeni təşkil olunmuş SEOLİT sahələrarası elmi-texniki kompleksinin baş direktoru təyin edilmişdir. Həmin ildə bir qrup gənc elmlər doktorlarının təşəbbüsü ilə təsis olunan Azərbaycan Alimlər İttifaqının sədr müavini seçilmişdir. 1990-cı ildə SSRİ EA-nın nümayəndə heyətinin tərkibində Almaniyada, 1991-ci ildə isə Bolqarıstanda elmi ezamiyyətdə olmuş və Heterogen kataliz üzrə VI Beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir. 1992-ci ildə onun digər monoqrafiyası “Heterogen kataliz neft kimyasında” monoqrafiyası işıq üzü görmüşdür.
Azərbaycanın suverenliyinin ilk illərində bəzi qüvvələrin Azərbaycan EA-ya qarşı səsləndirdikləri ittihamlara, hətta onun bağlanması təkliflərinə cavab olaraq 1992-ci ilin fevral ayında ANS kanalının KL-215 verilişində Dilqəm Tağıyev onlara tutarlı cavab vermişdi. Yüksəksəviyyəli mühazirəçi kimi tanınan gənc professoru əvvəlcə Azərbaycan Neft və Kimya İnstitutunun fiziki və kolloid kimya kafedrasının professoru, 1991-ci ildə isə Azərbaycan Tibb Universitetinin ümumi kimya kafedrasının professoru seçsələr də o, eyni zamanda, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdi.
Azərbaycan Tibb Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Dilqəm Tağıyev 1993-cü ildə əczaçılıq fakültəsinin dekanı, 1995-ci ildə isə ümumi və bioüzvi kimya kafedrasının müdiri seçilmişdir. Yüksək səviyyədə oxunan mühazirələr sayəsində tələbələrin dərin hörmətini qazanan Dilqəm Tağıyev tibb təhsilində kimyanın tədrisini təkmilləşdirmək və tibbyönümlü etmək istiqamətində mühüm dəyişikliklər etmiş, yeni dərs proqramları tərtib etmiş, biofiziki kimya və bioüzvi kimya fənləri üçün yeni dərsliklər və dərs vəsaitləri yazmışdır. Elmi və pedaqoji fəaliyyəti bir-birindən ayırmamaq, əksinə onları uzlaşdırmaq və əlaqələndirmək məqsədi hər iki sahədə yeni uğurlar əldə etməyə imkan vermişdir.
1999-cu ildə Azərbaycan EA akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Musa Rüstəmovun dəvəti ilə Dilqəm Tağıyev kataliz profilli üç laboratoriyanın birləşməsindən yaranan “Heterogen kataliz” laboratoriyasına əvəzçiliklə müdir təyin edilir. Həmin vaxtdan onun elmi tədqiqatları daha geniş vüsət almağa başlamış, izomerləşmə, alkilləşmə və oliqomerləşmə prosesləri üçün yeni katalitik sistemlərin yaradılması sahəsində aparılan tədqiqatlarda mühüm elmi nəticələr əldə edilmişdi. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi pedaqoji fəaliyyətindəki uğurlara görə ona təşəkkür elan etmiş, 2000-ci ildə isə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdü. Dilqəm Tağıyev 1994-cü ildə Nyu York EA-nın, 2001-ci ildə isə Beynəlxalq Seolit Assosiasiyasının üzvü seçilmiş və Monpelye şəhərində (Fransa) keçirilən 13-cü Beynəlxalq Seolit konfransına dəvət almışdır. Təşkilat komitəsinin xoşməramlı münasibəti və güzəştləri hesabına 3000 tədqiqatçının iştirak etdiyi möhtəşəm tədbirdə nümayəndə qismində iştirak etmək mümkün olmuş və gələcək əməkdaşlıq üçün zəmin yaranmışdır.
Neft Kimya Prosesləri İnstitutunun “Heterogen kataliz” laboratoriyasına rəhbərlik etdiyi dövr elmi tədqiqatların xeyli canlanması, yeni və maraqlı elmi nəticələrin alınması, beynəlxalq səviyyəli konfrans və simpoziumlarda elmi məruzələrin sayının xeyli artması ilə müşayiət olunmuşdu. 2003-cü ildə İnsbrukda (Avstriya) və Qlazqoda (Şotlandiya) keçirilən kataliz üzrə VI Avropa konqresində və Tətbiqi kataliz üzrə beynəlxalq simpoziumda təqdim edilən məruzələr Dilqəm Tağıyevin rəhbərliyi ilə aparılan tədqiqatların beynəlxalq elmi cəmiyyətdə tanınmasını göstərirdi. Sonrakı 2004-2006-cı illərdə Dilqəm Tağıyevin Parisdə (Fransa) keçirilən kataliz üzrə XIII Dünya konqresində, Lozannada (İsveçrə) keçirilən “Karbonla kataliz” Beynəlxalq simpoziumunda və Praqada keçirilən Avropa Seolit Assosiasiyaları Federasiyasının III Beynəlxalq konfransında elmi məruzələrlə iştirakı deyilənlərə sübut idi. Təşkilat Komitəsinin tövsiyəsi ilə seçilmiş məruzəsi məqalə şəklində kataliz sahəsində nüfuzlu beynəlxalq elmi jurnallardan biri olan “Catalysis Today” jurnalında çap edilmişdi. 2006-cı ildə Dilqəm Tağıyev İspaniyanın Toledo şəhərində keçirilən Beynəlxalq “Operando-4” konfransında iştirak etmiş, Tokioda keçirilən TOCAT-5 konfransında elmi məruzə ilə çıxış etmişdir.
2007-ci ildə Dilqəm Tağıyevin elmi nailiyyətlərini nəzərə alaraq onu “Neftkimya” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçmişlər. Dilqəm Tağıyevin elmi yaradıcılığına və elmi-təşkilatı fəaliyyətinə müxtəlif vaxtlarda Rusiya EA-nın həqiqi üzvləri H.M.Minaçev, B.M.Qryaznov, V.B.Kazanski, A.E.Şilov, B.N.Parmon, V.V.Lunin, S.N.Xadjiyev və eləcə də Belarus, Ukrayna və Gürcüstan MEA-nın akademikləri yüksək qiymət vermişdirlər. Kataliz və neft kimyası sahəsində elmi fəaliyyəti nəzərə alınaraq Dilqəm Tağıyev 2010-cu ildə AMEA-nın Kataliz üzrə Problem Şurasının sədri təsdiq edilərək kataliz istiqamətində perspektiv tədqiqatlar üzrə yeni proqram hazırlamışdır. Həmin ildə “Tərəqqi” medalı və AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur. 2012-ci ildə Beynəlxalq Sokrat Komissiyasının (Oksford, Böyük Britaniya) təklifi ilə “The Name in Science” mükafatına və fəxri tituluna layiq bilinmişdir.
Dilqəm Tağıyev 2013-cü ildə AMEA-nın ümumi yığıncağında Kimya Elmləri Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü vəzifələrini icra edən təyin edilmişdir. Həmin ildə Rusiya Təbiətşünaslıq Akademiyasının üzvü seçilmiş və Avropa elm-sənaye konsorsiumunun mükafatlar üzrə komissiyasının qərarı ilə “Əmək və biliklə” ordeninə layiq görülmüşdür (protokol 29/04, 04.06.2013).
2014-cü ildə akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü seçilmiş, “Azərbaycan kimya jurnalı”nın baş redaktoru və “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” üzrə Dövlət Komissiyasının üzvü təsdiq edilmişdir. O, institut direktoru olduğu ilk vaxtlardan geniş islahatlara başlanılmış, İnstitutun strukturu, prioritet istiqamətləri, elmi mövzuları dövrün tələblərinə uyğun olaraq təşkil olunmuşdur. 2014-2019-cu illərdə İnstitutun bütün elmi göstəricilərində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmuş, 36 mühüm elmi nəticə AMEA-nın hesabatlarına daxil edilmiş, 310-u Web of Science bazasına daxil olmaqla 750 məqalə xaricdə çap edilmiş, 40 monoqrafiya, kitab və dərslik nəşr olunmuş, 8-i beynəlxalq statuslu olmaqla 37 qrant alınmış, elmi əsərlərə edilən istinadların sayı 3000-i keçmişdir. “Azərbaycan kimya jurnalı”nın redaksiya heyətinin tərkibi dəyişdirilmiş, redaksiya şurasına tanınmış xarici alimlər cəlb edilmiş, jurnalın formatı Beynəlxalq jurnalların tələblərinə uyğun olaraq dəyişdirilmiş və məqalələrin hamısının ingilis dilində təqdim və çap olunması təmin edilmişdir. İnstitutda nəşr edilən digər jurnal - “Kimya Problemləri” jurnalı Clarivate Analytics bazasına daxil edilən AMEA üzrə 4 elmi jurnaldan biri olmuşdur.
İlk dəfə olaraq rus dilində “Azərbaycan kimya elminin korifeyləri” və İnstitutun yubileyinə həsr olunmuş “Kataliz və Qeyri-üzvi Kimya İnstitutu-80” kitabları Dilqəm Tağıyevin təşəbbüsü və baş redaktorluğu ilə işıq üzü görmüşdür. Azərbaycanın görkəmli alimləri olan Murtuza Nağıyevin, Heydər Əfəndiyevin, Xudu Məmmədovun yubileyləri təntənə ilə qeyd edilmişdir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində İspaniya, Almaniya və Böyük Britaniya elmi mərkəzləri və universitetləri ilə müştərək iki beynəlxalq laboratoriya təşkil olunmuşdur. İtaliya elm günü ilə bağlı Azərbaycan-İtaliya kimya seminarı və ondan bir il sonra innovativ polimerlər üzrə Azərbaycan-İtaliya elmi seminarı təşkil olunmuşdur.
Akademik Dilqəm Tağıyev 750-dən çox elmi əsərin, o cümlədən xaricdə çap olunan 470 məqalə və tezisin, 60 müəlliflik şəhadətnaməsi və patentin, 21 monoqrafiya, kitab və dərsliyin, 16 tədris-metodik vəsaitin müəllifidir. 5 kimya elmləri doktoru və 13 fəlsəfə doktoru yetişdirmişdir. Elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə bir neçə doktorant hazırda dissertasiya üzərində çalışır. O, dəfələrlə Fransa, Almaniya, İspaniya, İtaliya, Avstriya, İsveçrə, Şotlandiya, Bolqarıstan, İsrail, Çexiya, İsveç, Sloveniya, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdə keçirilən beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirak etmişdir.
AMEA Kimya Elmləri Bölməsinin elmi fəaliyyətinin gücləndirilməsi üçün akademik Dilqəm Tağıyev Bölmənin akademik-katibi və AMEA-nın Rəyasət Heyətinin üzvü kimi mühüm işlər görmüş, Bölmə institutlarının yeni prioritet istiqamətlər üzrə fəaliyyəti üçün ciddi səylər göstərmişdir. 2016-cı ildə AMEA-nın Rəyasət Heyətinin iclasında “Azərbaycan kimya elminin nailiyyətləri, müasir vəziyyəti və perspektivləri” mövzusunda proqram xarakterli geniş məruzəsi də böyük maraqla qarşılanmışdır. AMEA-nın fəaliyyətini cəmiyyət qarşısında işıqlandırmaq və təbliğ etmək məqsədilə Dilqəm Tağıyev dəfələrlə “Elm və innovasiya”, “Media və zaman”, “Geriyə baxanda” və “Səhər” verilişlərinin qonağı olmuş, ictimai mətbuatda məqalələr çap etdirmişdir. Bir çox nüfuzlu konqreslər və konfranslara dəvət almış, onların bəzilərinin təşkilat komitəsinin üzvü olmuşdur. 2016-cı ildə Respublika elmi əlaqələndirmə şurasının üzvü və AMEA Rəyasət Heyətinin nəzdində “Yalançı elmə qarşı mübarizə” komissiyasının sədri təyin olunmuşdur.
Respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətli olan Strateji yol xəritəsinin perspektivlərinə həsr olunan “Zaman və media” verilişinin xüsusi buraxılışında Milli Məclisin deputatları və Statistika İdarəsinin rəhbərliyi ilə akademik Dilqəm Tağıyev AMEA-nın təmsilçisi kimi müzakirələrdə fəal iştirak etmişdir.
Akademik Dilqəm Tağıyev 2016-cı ilin dekabr ayında AMEA-nm vitse-prezidenti vəzifəsini icra edən təyin olunmuş və akademik-katib vəzifəsi də ona həvalə edilməklə 2017-ci ilin iyun ayında AMEA-nın ümumi yığıncağında vitse-prezident seçilmişdir. AMEA-nın vitse-prezidenti kimi akademik Dilqəm Tağıyev 2017-ci ildə Qazaxıstan Milli Elmlər Akademiyasının yubiley tədbirlərində iştirak etmək üçün AMEA nümayəndə heyətinin rəhbəri kimi Alma-Ataya, UNESCO-nun 39-cu Baş konfransında AMEA-nın təmsilçisi kimi iştirak etmək üçün Parisə və MDB ölkələrinin elmi və yaradıcı ziyalılarının XIII forumunda iştirak etmək üçün Astana şəhərinə ezam olunmuşdur.
UNESCO-nun Baş konfransında elm komissiyaların işində fəal iştirak edərək komissiyaların sədrləri Kristof Vanden-berq və Patrik Mc Kiver ilə Azərbaycanda qlobal geoparkların yaradılması istiqamətində müzakirələr aparmış, lazım olan materialları komissiyaya təqdim etmiş və ilkin razılaşmaya nail olmuşdur. Frankfurtda keçirilən “Kimya və üzvi kimya” üzrə VIII Dünya konqresində Təşkilat komitəsinin üzvü, Romada keçirilən “Kimya mühəndisliyi” üzrə Beynəlxalq simpoziumda seksiya həmsədri kimi iştirak etmişdir.
Akademik Dilqəm Tağıyev Avropa Birliyinin keçirdiyi Horizon 2020 Beynəlxalq qrant müsabiqəsində Belçikanın Gent Universitetinin professoru Joris Tibotun təklifi əsasında Beynəlxalq qrupun tərkibinə qoşulmuşdur. Onun namizədliyini, J.Tibot məktubunda yazdığı kimi, Lionun (Fransa) “Kataliz və Ekoloji Tədqiqatlar İnstitutu” və Norveçin SİNTEF şirkətləri tövsiyə etmişlər. İki mərhələdə həyata keçirilən qrant müsabiqəsində Avropanın 7 dövlətinin 11 elmi qurumu daxil olan Beynəlxalq qrup, o cümlədən partnyor təşkilat kimi Azərbaycanı Milli Elmlər Akademiyası və onun koordinatoru Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Dilqəm Tağıyev, nüfuzlu Beynəlxalq ekspert komissiyasının qərarı ilə qrant müsabiqəsinin qalibi olmuşdur (2019-2022-ci illər, ümumi məbləği 6,5 mln avro, o cümlədən AMEA üçün 304 min avro).
Elmin populyarlaşdırılmasına ciddi diqqət ayıran akademik Dilqəm Tağıyev dəfələrlə AMBA Rəyasət Heyətinin qərarı ilə ən yaxşı elmi-populyar əsər üçün elan olunmuş müsabiqələrdə münsiflər komissiyasının sədri olmuşdur. 27 Mart -Elm Günü ilə əlaqədar və “Elm və innovasiya” verilişində elmin populyarlaşdırılması problemləri haqqında müsahibə vermişdir.
2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir. Budapeştdə keçirilən Ümumdünya Elm Forumunda Azərbaycanı təmsil etmiş və Macarıstan Elmlər Akademiyasının prezidenti Laslo Lovaç ilə birgə əməkdaşlığın perspektivləri haqqında danışıqlar aparmışdır. Əmək fəaliyyətinə hələ 1964-cü ildə başlamış akademik Dilqəm Tağıyev ömrünün bütün şüurlu hissəsini elmi tədqiqatlara və pedaqoji fəaliyyətə həsr etmiş, Azərbaycan kimya elminin inkişafı üçün yorulmadan çalışmışdır. Görkəmli alimə bundan sonra da kimya elminin inkişafı üçün yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Vaqif FƏRZƏLİYEV,
Azərbaycan Milli Elmlər Akademiyası
Kimya Elmləri Bölməsinin akademik katibi, akademik.

JURNALLAR
Faydalı linklər