Xəbərlər
Foto
AMEA alimləri Ümumdünya Elm Forumunda iştirak ediblər
Noy 25, 2019 | 10:30 / Konfranslar, iclaslar
Oxunub 3406 dəfə

20 noyabr 2019-cu ildə IX Ümumdünya Elm Forumu Budapeşt şəhərində öz işinə başlamışdır. 100-ə yaxın ölkənin 900-dən çox nümayəndəsi iştirak edən və dörd gün davam edən Forumda Azərbaycanı AMEA-nın vitse-prezidenti akademik Dilgəm Tağıyev və Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov təmsil edirdilər.

Forumun təntənəli açılış mərasimində Macarıstan Prezidenti Yanoş Ader, Macarıstan Elmlər Akademiyasının prezidenti Laslo Lovas, UNESCO Baş Katibinin müavini Şamila Nair-Beduel, Beynəlxalq Elm Şurasının prezidenti Daya Reddi, Cənubi Afrika Respublikasının Ali Təhsil, Elm və Texnologiya naziri Bonginkosi Nzimandə və başqaları Forum iştirakçılarını salamladılar.

“Elm, etika və məsuliyyət” devizi altında keçirilən möhtəşəm tədbirin 40-a qədər tematik sessiyalarında elmi diplomatiya, elmi etika, elmi jurnalistika, elmin cəmiyyətdə rolu, qida təhlükəsizliyi, iqlim dəyişikliyi, içməli su problemi, mühəndislik, texnologiya və ekologiya, regenerativ təbabət, beynəlxalq elmi əməkdaşlıq, elm sülh naminə, elmin gələcəyi və s. mövzularda 150-ə qədər məruzələr dinlənildi. Beynəlxalq qurumları, elmi mərkəzləri və universitetləri  təmsil edən alimlər arasında aparılan müzakirələr beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmli idi.

Macarıstan Elmlər Akademiyasının prezidenti, məşhur riyaziyyatçı alim Laslo Lovas ilə AMEA-nın vitse prezidenti Dilqəm Tağıyev arasında olan söhbətdə akademiyalarımız arasında sıx əlaqələrin, dostluq münasibətlərinin mövcud olması və bunun gələcək əməkdaşlığın perspektivliyi baxımından əhəmiyyətli olacağı xüsusi vurğulandı.

Forumun bağlanış mərasimi noyabrın 23-də Parlament binasında keçirildi və Forumun bəyənnaməsi qəbul edildi. Bəyənnamədə bir daha bəşəriyyətin gələcəyi üçün elmin, etik prinsiplərin və  elmi diplomatiyanın rolu, bu sahədə əldə edilən nailiyyətlər və mövcud problemlər qeyd edildi. Növbəti X Ümumdünya Elm Forumunun 2021-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilməsi qərara alındı.

JURNALLAR
Faydalı linklər