Xəbərlər
Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunan konfrans öz işinə başlayıb
Okt 24, 2019 | 11:51 / Konfranslar, iclaslar
Oxunub 2669 dəfə

Oktyabrın 23-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) 60 illik yubileyinə həsr olunan "Riyaziyyat və Mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

İnformasiya Texnologiyaları İnstitutunun akt zalında keçirilən tədbirdə ABŞ, Türkiyə, Rusiya, İran, Meksika və İsraildən alimlər iştirak ediblər.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açaraq institut əməkdaşlarını yubiley münasibətilə təbrik edib, tədbirin işinə uğurlar arzulayıb.

Sonra RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək institutun tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, Riyaziyyat və Mexanika İnstitutu 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun Riyaziyyat şöbəsinin əsasında yaradılıb. M.Mərdanov ilk vaxtlar institutda Funksional analiz, Funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər, İnteqral tənliklər, Təqribi analiz, Elastikiyyət nəzəriyyəsi şöbələrinin və hesablama mərkəzinin fəaliyyət göstərdiyini deyib. O, bu istiqamətlərin yaranması və inkişafında məşhur alimlər M.V.Keldış, M.A.Lavrentyev, İ.N.Musxelişvili, İ.Q.Petrovski, S.L.Sobolev, S.N.Bernşteyn və A.İ.Maltsevin böyük rol oynadığını vurğulayıb.

Alim institutun ilk direktoru olmuş akademik Zahid Xəlilovun Azərbaycanda funksional analiz məktəbinin yaranmasında və sonrakı inkişafında əvəzsiz xidmətləri olduğunu söyləyib. M.Mərdanov 50 illik fəaliyyəti dövründə RMİ-yə akademiklər - Zahid Xəlilov, İbrahim İbrahimov, Fərəməz Maqsudov, Akif Hacıyev, AMEA-nın müxbir üzvü İlham Məmmədov və professor Həşim Ağayevin rəhbərlik etdiyini diqqətə çatdırıb. Alim ötən dövr ərzində institutda "Harmonik və qeyri-harmonik analiz", "Ridge funksiyalar və neyron şəbəkələrlə yaxınlaşmalar", "Diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi" və "Optimal idarəetmə nəzəriyyəsi və variasiya hesabı" üzrə mühüm elmi nəticələrin əldə olunduğunu deyib.

M.Mərdanov 2013-2019-cu illər ərzində institut alimlərinin ümumilikdə 440 məqaləsinin "Web of Science" bazasına daxil olan jurnallarda çap olunduğunu bildirib, müəssisənin 60 illik yubileyinə həsr edilən kitabı qonaqlara təqdim edib.

Konfransda, həmçinin akademiklər - Nazim MəmmədovTelman ƏliyevVaqif AbbasovFikrət Əliyev, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Rusiya Elmlər Akademiyasının akademiki Yuriy Erşov, Türkiyənin Koç Universitetinin professoru Varqa Kələntərov və digərləri çıxış edərək təbriklərini səsləndirib, hədiyyələrini təqdim ediblər.

Tədbir öz işini plenar iclaslarla davam etdirib.

Qeyd edək ki, konfrans oktyabrın 25-də başa çatacaq.

 

www.science.gov.az

JURNALLAR
Faydalı linklər