Xəbərlər
Foto
Akademik Tofiq Nağıyev Parisdə keçirilən beynəlxalq konqresdə iştirak edib
İyl 16, 2019 | 10:44 / Mühüm hadisələr
Oxunub 4924 dəfə

Fransanın paytaxtı Parisdə Nəzəri və Tətbiqi Kimya üzrə 47-ci Beynəlxalq Konqres (IUPAC) və həmin qurumun yaranmasının 100 illiyinə həsr olunan 50-ci Baş Assambleyasının iclasları keçirilib.

“Kimyanın sərhədləri: gəlin gələcəyimizi quraq! IUPAC-la 100 il birlikdə” şüarı ilə keçirilən konqresdə ölkəmizi AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev təmsil edib.

3500-dən çox kimyaçı alimin qatıldığı konqres çərçivəsində 30 simpozium, 9 bölmə, 8 plenar iclas keçirilib, 500-ə yaxın məruzə dinlənilib. Akademik T.Nağıyev tədbirdə iki məruzə ilə çıxış edib. Alimin hər iki məruzəsi “Yaşıl kimya”nın tələblərinə cavab verən oksidləşdirici proseslərə, o cümlədən davamlı biomimetik katalizatorların yaradılması və işlənməsində yaxın elm sahələrinin birgə yanaşma prinsiplərinə həsr olunub.

Bundan əlavə, konqresdə rus alimi D.Mendeleyevin 1869-cu ildə kəşf etdiyi kimyəvi elementlərin dövri cədvəlinin 150 illiyi təntənəli qeyd olunub.

Qeyd edək ki, IUPAC kimyanın bütün aspektlərini əhatə edən kəskin qlobal problemlərin həllinə dair obyektiv  elmi ekspertizaların verilməsi üzrə lider təşkilatdır.

science.gov.az

JURNALLAR
Faydalı linklər