Xəbərlər
FotoVideo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru vəzifəsinə akademik Dilqəm Tağıyevin namizədliyi irəli sürüldü
İyn 14, 2019 | 14:10 / Konfranslar, iclaslar
Oxunub 503 dəfə

Bu gün AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açaraq gündəlikdə duran məsələlərlə bağlı Şura üzvlərini tanış etdi.

Sonra AMEA Kimya Elmləri Bölməsinin akademik katibi, akademik Vaqif Fərzəliyev çıxış edərək bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 11 iyun 2019-cu il tarixli elanına əsasən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru vəzifəsinə seçilmək üçün namizəd irəli sürülməlidir. Akademik son 5 ildə İnstitutun direktoru işləyən akademik Dilqəm Tağıyevin elmi və elmi-təşkilati fəaliyyətindən, onun rəhbərliyi altında institutun bu illərdə əldə etdiyi nailiyyətlərdən danışdı. O, qeyd etdi ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu AMEA-nın KEB İnstitutları arasında bəzi göstəricilərinə, o cümlədən Web of science bazasında dərc olunan məqalələrin, AMEA Rəyasət Heyətinin qəbul etdiyi mühüm nəticələrin, institut əməkdaşlarının elmi əsərlərinə verilən istinadların sayına və əldə etdiyi Beynəlxalq qrantların sayına görə öndə gedir. Eləcə də, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Web of science bazasında çap olunan məqalələrin sayına  görə AMEA institutları arasında 3-cü yerdə qərarlaşıb. Akademik Vaqif Fərzəliyev bildirdi ki, qeyd olunanları və akademik Dilqəm Tağıyevin yüksək elmi nailiyyətlərini, elmi-təşkilati bacarığını nəzərə alaraq onun namizədliyinin irəli sürülməsini təklif edirəm.

Daha sonra Şura üzvlərindən akademik Əjdər Məcidov, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı və Əli Nuriyev, İnstitutun Həmkarlar Təşkilatının sədri, prof. Arif Əfəndi, professorlar Fikrət Sadıqov və Akif Əliyev, institutun elmi katibi, k.e.d. Mina Munşiyeva, lab.müdiri, k.e.d. Elza Salahova, Qadınlar Şurasının sədri, k.ü.f.d. Esmira Quluzadə və lab.müdiri, k.ü.f.d. Səadət Bənənyarlı akademik Dilqəm Tağıyevin idarəetmə və təşkilatçılıq bacarığından, elmi nailiyyətlərindən, yüksək insani keyfiyyətlərindən, gənclərə qayğısından danışdılar və namizədliyini dəstəklədiklərini bildirdilər.

Sonda Elmi Şura Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru vəzifəsinə akademik Dilqəm Tağıyevin namizədliyinin irəli sürülməsi barəsində qərar qəbul etdi.

 

JURNALLAR
Faydalı linklər