Xəbərlər
FotoVideo
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb
May 21, 2019 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 3046 dəfə

Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Bu gün qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Rəyasət Heyəti üzvlərinin akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü təşkil edilib.

Qonaqları salamlayan akademik Akif Əlizadə AMEA ilə REA arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Təxminən 50 il öncə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.V.Keldışın Azərbaycana səfəri zamanı onu şəxsən müşayiət etdiyini qeyd edən AMEA rəhbəri 1945-ci il martın 27-də Azərbaycan SSR Elmlər Akademiyasının təsis edilməsinin ölkə elminin inkişafında böyük rolunun olduğunu vurğulayıb. 2018-ci ildə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 mart tarixinin respublikamızda “Elm günü” kimi qeyd olunduğunu əlavə edib.

Görüş çərçivəsində iki qurum arasında imzalanacaq elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan akademik Akif Əlizadə bildirib ki, müasir elmin çağırışlarını və hazırda bir çox elmi istiqamətlərin multidissiplinar xarakter daşıdığını nəzərə alaraq, elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki qurum arasında müxtəlif sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədini daşıyan əməkdaşlıq haqqında sazişin imzalanmasına zəruriyyət yarandığını qeyd edib.

Səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən akademik Aleksanrd Sergeyev bu gün Prezident İlham Əliyevlə görüşdüyünü, həmin görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycana səfərinin əsas məqsədinin ikitərəfli elmi əlaqələrin möhkəmləndirilməsi və daha da genişləndirilməsindən ibarət olduğunu qeyd edib.

İmzalanacaq sazişin əhəmiyyətindən danışan akademik Aleksandr Sergeyev gələcək perspektivlərdən söz açıb. Bildirib ki, Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi, ekoloji problemləri, Xəzər dənizinin iqlim və demoqrafik şəraitə təsiri, neft kimyası, nanotexnologiyalar, kosmik tədqiqatlar, tibb və farmakologiya, tarix, arxeologiya kimi elmi sahələrin prioritet istiqamət olduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev gələcək tədqiqatlara dair bir sıra təkliflər irəli sürüb. Qeyd edib ki, Xəzər dənizinin biosenozunun öyrənilməsi, paleogenetika məsələləri və Qafqazın biomüxtəlifliyini araşdıran tədqiqatların aparılmasına böyük ehtiyac duyulur.

REA-nın prezidentinin müavini, akademik Taliya Xabriyeva öz çıxışında Xəzər dialoqunun iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiyası sahələrində birgə tədqiqatların təşkilinə, həmçinin Xəzər məsələləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məsələsinə müsbət təsir edəcəyini bildirib.

Sonra AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov nanoplazmonika sahəsində multidistiplinar tədqiqatların aparılması, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova isə etnogenez, fəlsəfə, mədəniyyətlər və dinlərarası əlaqələrin öyrənilməsinin vacibliyini qeyd ediblər.

Sonda AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.

Görüşdə, həmçinin REA-nın Xarici əlaqələr idarəsinin rəisi Olqa Qluxovtseva, REA prezidentinin Katibliyinin rəisi Valeriya Belyanina, Q.V.Plexanov adına RİU-nin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa HəbibbəyliDilqəm TağıyevRasim Əliquliyevİradə Hüseynova, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, elmi bölmələrin akademik-katibləri, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və digər əməkdaşlar iştirak ediblər.

science.gov.az

JURNALLAR
Faydalı linklər