Новости
“Funksional materialların komponentlərinin sintezi” lab. müdiri, professor İmir Əliyevin 70 yaşı tamam olur
Янв 07, 2019 | 10:31 / Юбилеи
Прочитано 775 раз (-а)

İmir İlyas oğlu Əliyev 1949-cu il yanvar ayının 6-da Gürcüstan Respublikasının Borçalı rayonunun (Marneuli) Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-73-cü illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil almışdır.

1971-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya institutunda ( indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda) laborant, baş laborant, mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-cü ildə ordu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra, 1974-cü ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya institutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) “Yarımkeçiricilər kimyası” laboratoriyasında işə başlamışdır.

1981-ci ildə “As2X3-CdX(AIIIX) (AIII=In,Tl; X=S,Se,Te) tipli sistemlərdə qarşılıqlı təsirin xarakteri və şüşəəmələgəlmə”mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1992–ci ildə “Arsen xalkogenidləri ilə kadmium, indium və tallium xalkogenidlərindən ibarət sistemlərdə yeni materialların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq  dissertasiyası müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi almışdır.

2001–ci ildən “Nadir elementlər kimyası” laboratoriyasına, 2014-cü ildən hal-hazıradək “Funksional materialların komponentlərinin sintezi” laboratoriyasına rəhbərlik edir. Onun rəhbərlik etdiyi laboratoriyanın əsas elmi istiqaməti nadir elementlərin xalkogenidləri əsasında mürəkkəb tərkibli şüşəvarı və kristal yarımkeçirici materialların alınmasının elmi əsaslarının işlənməsidir. Bu istiqamətdə prof. İmir Əliyevin rəhbərliyi ilə aparılan kompleks tədqiqatlar nəticəsində onlarla üçlü və daha mürəkkəb xalkogenidli sistemdə fiziki-kimyəvi, qarşılıqlı təsir xarakteri müəyyən edilmiş, faza diaqramları qurulmuş və aşkar edilmiş yeni fazaların alınmasının elmi əsasları yaradılmışdır. Alınmış yeni fazaların bir çoxu yüksək fotohəssaslığına, termoelektrik və maqnit xassələrinə görə tətbiq üçün perspektivlidir. Prof. Imir Əliyevin elmi fəaliyyətində çoxkomponentli xalkogenid sistemlərində şüşəəmələgəlmənin tədqiqi mühüm yer tutur. Bu istiqamətdə aparılan sistemli tədqiqatlar nəticəsində arsen xalkogenidləri əsasında bir sıra çoxkomponentli sistemlərdə yeni şüşəvarı materialların fiziki və fiziki-kimyəvi xassələri öyrənilmiş və onların bəziləri tətbiq üçün tövsiyə edilmişdir.

Professor Imir Əliyevin rəhbərliyi altında 2 doktorluq və 8  namizədlik dissertasiyası müdafiə edilmişdir. İmir Əliyev apardığı elmi-tədqiqat işlərinin nəticəsi 3 kitabda, 400-dən yuxarı elmi əsərdə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Çap olunan əsərlərdən 200-dən çoxu xaricdə çap olunmuşdur. Əliyev İmir İlyas oğlu bir çox dissertasiya işlərinə opponentlik etmişdir. O, 2008-ci ildə Respublika Prezidenti yanında AAK –nın Kimya Bölməsinin ekspert Şurasının və bir neçə dəfə Qeyri-üzvi kimya  üzrə müdafiə Şurasının üzvü olmuşdur.

Professor İmir Əliyev 1999-2013-cü illərdə Bakı Dövlət Universitetinin Ümumi və Qeyri-üzvi kimya kafedrasında professor vəzifəsində pedaqoji fəaliyyət göstərmişdir. İmir Əliyev Bakı Dövlət universitetinin magistrlərinin hazırlanmasında yaxından iştirak edir.

Yubilyarı təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq.