Новости
Фото
Dünya şöhrətli alim, Sosialist Əməyi Qəhrəmanı akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir
Мая 07, 2018 | 12:57 / Юбилеи
Прочитано 7582 раз (-а)

07.05.2018 –ci il tarixində  saat 10-da AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dünya şöhrətli alim, Sosialist Əməyi  Qəhrəmanı akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir.

Tədbiri  giriş sözü ilə AMEA-nın vitse prezidenti, Institutun direktoru akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, dünya şöhrətli alim, Sosialist Əməyi  Qəhrəmanı akademik Murtuza Nağıyevin 110 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi haqqında ölkə başçısının 02 noyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq bu gün yubiley iclası keçirilir. Payızda isə M.Nağıyevin 110 illiyinə həsr olunmuş Beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

Akademik Dilqəm Tağıyev qeyd etdi ki, dünya şöhrətli alim M.Nağı­yevin el­mi fəaliyyəti­nin əsas istiqaməti neft kimyası və tex­nologiyası, kimyəvi reaksiyaların kine­tikası və termodinamikası idi. M.Nağıvev dünyada kimya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qə­bul olunmuş resirkul­yasiya prosesləri nəzəriy­yə­si­nin yaradı­cısıdır.  Bu nəzəriyyə kimya-texnologiya proseslərinin və eləcə də Kim­­ya Tex­no­lo­giyası Kom­bi­nat­la­rının (KTK) ən effektli yolla in­ten­sivləş­di­ril­məsinə im­kan yaradıb. Re­sir­kul­ya­si­ya nəzəriyyəsindən istifadə edilmə­dən KTK-ları, hətta ayrıca reak­torları belə layi­hə­ləşdirilməsi qey­ri-mümkündür. M.Na­­­ğı­yevin qlobal optimallaş­dırma anla­yışı,  mürək­kəb KTK-nın optimal­laşdırılmasına sis­temli yanaşma olmaqla, kimyə­vi proseslərin mo­del­ləşdirilməsinə ilkin təkan verib. Onun bu sahədə prio­ritetliyi bütün dünyada qəbul olun­ub. M.Nağı­yev tərəfindən kimyəvi reaktorların potensial im­kan­larının təyini; realizə olunan təc­rübi pro­seslərin opti­mal­laş­dı­rıl­ması; re­sir­kul­yasiya sistemləri üçün katali­za­torun seçilməsi və təd­qi­qi; əks-əlaqəli sis­tem­lərin həyata keçi­rilməsi ilə təcrü­bi proseslərin təd­qiqi; mak­­simum sə­mə­rəliliklə işləyən kim­ya kompleks­lərinin işlənib ha­zır­lan­ması kimi nəzəri məsə­lələr həll olun­ub. Alim tə­rə­­findən əsası qoyulmuş superopti­mallıq prinsipi kimyəvi proses­lərin təd­qi­qinə kimyanın klassik ən­ənə­lərindən fərqli olan yeni yanaşma olub,  kimyəvi reaktorların yüksək məh­sul­dar­lıqla işləməsinə və tullantıların azal­masına imkan yaradır. M.Nağıyev 300 elmi əsərin, 12 müəlliflik şəhadətnaməsinin və 30 funda­­mental mo­no­qrafiyanın  müəl­lifidir. Onun rəhbərliyi ilə 3 elmlər dok­toru və 30 fəlsəfə doktoru yetişdirilib. O, görkəm­li ictimai xadim kimi Azərbaycan Ali Sovetinin 4, 5 və 6-cı çağı­rışlarının deputatı olub. “Əmək­dar Elm Xa­dimi” və Sosialist Əməyi Qəhrə­manı  adlarına layiq gö­rü­l­üb. Alim həmçinin “Lenin”, “Qır­mızı Əmək Bayrağı” ordenləri və bir sıra me­dallarla, Azərbaycan SSR Ali Sove­tinin “Fəxri Fər­manı” ilə təltif olunub.

Akademik Murtuza Nağıyev 1940-cı ildə  kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə  kimya üzrə elmlər dok­toru elmi dərəcəsi, 1945-ci ildə professor elmi adı alıb. 1952-ci ildə  Azərbaycan SSR EA-nın həqiqi üz­vü seçilib. 1945-1946-cı illərdə Azərbaycan SSR EA Neft İnstitutunda şöbə mü­diri, 1945-1956-cı il­lərdə həmin ins­titutun direktoru və şöbə müdiri, 1959-1962 ci illərdə Azərbaycan EA Neft Kimya Pro­ses­ləri İnstitutu­nun direktoru, 1965-1975-ci illərdə isə Azər­baycan SSR EA Kimya Tex­nolo­gi­yasının Nəzəri Prob­­lemləri İnstitu­tu­nun yaradıcısı və direk­toru ol­ub. 1956-1957-ci illərdə Azər­baycan SSR Elm­lər Aka­demiya­sının Fizika-tex­nika böl­mə­­sinin akademik-katibi, 1957-1959-cu illərdə  birinci vitse-prezidenti, 1959-1962-ci illərdə Kimya Elmləri böl­mə­sinin aka­demik-katibi, 1962-1967-ci illərdə isə Azər­baycan EA-nın aka­demik-katibi olub.

İclasda kimya üzrə elmlər doktoru, görkəmli alimin tələbəsi olmuş Nemət Əlizadə, professor İxtiyar Bəxtiyarlı, k.ü.f.d. Vaqif Qasımov və başqaları akademik Murtuza Nağıyev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Sonda görkəmli alimin oğlu, AMEA-nın vitse prezidenti, "Azərbaycan Milli Ensiklopediyasi" Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev atası haqqında xatirələrini danışdı və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.