Новости
Henri Taube
Фев 08, 2018 | 10:36 / Интересная информация
Прочитано 454 раз (-а)

Amerika kimyaçısı Henri Taube 1915-ci ilin noyabrın 30-da Saskatunda (Kanada) anadan olmuşdur.

1937-ci ildə Ricaində Saskaçevan universitetini bitirmiş, sonra ABŞ-a köçmüş və Berklidə Kaliforniya universitetində oxumuşdur. 1940-1941-ci ildə orada, 1941-1946-cı illərdə Kornel universitetində, 1946-1962-ci illərdə Çikaqo universitetində (1952-ci ildən professor) işləmişdir. 1962-ci ildən Stanford universitetində professor işləmişdir.

O, 2005-ci ildə noyabrın 16-da Kaliforniyada vəfat etmişdir.

Əsas işləri elektron ötürülməsi ilə reaksiyaların mexanizminin, xüsusən metalların komplekslərində öyrənilməsinə həsr olunub. 1940-cı ildə ilk dəfə olaraq sulu məhlulda solvatlaşmış kationun (üçvalentli xromun misalında) mövcudluğunu sübut etmişdir. 1952-ci ildə sulu məhlullarda kompleks birləşmələrin davamsızlığı ilə onların elektron strukturları arasında korrelyasiyanı müəyyən etmişdir. 1960-1970-ci illərdə məhlullarda keçid metallarının komplekslərinin iştirakı ilə çoxlu, həm də daha əhəmiyyətli nəticələri sferadaxili keçid adlanan keçidi öyrənərkən əldə etmişdir. Göstərmişdir ki, bu prosesdə metalın koordinasiyası sferasının liqandalarından biri iştirak edir və nəticədə iki metal ionu arasında körpücük əmələ gətirir, iki nüvəli kompleks adlanan birləşmə əmələ gətirir. Belə komplekslərin spektrlərini öyrənərək göstərmişdir ki, spektrin zolaqlarından biri ionlar arasında elektron keçidinə aid edilə bilər.

1967-ci ildə sübut etmişdir ki, molekulyar azot sulu məhlulda rutenium kompleksinin koordinasiya sferasında su molekulunu əvəz edə və möhkəm kompleks əmələ gətirə bilər. Aşkar etmişdir ki, azot ikinüvəli, iki rutenium ionuna malik kompleksdə körpü ola bilər. Göstərmişdir ki, bu molekul koordinasiya sferasında fırlana bilər (iona özünün bu və ya digər atomu ilə dönərək).

1983-cü ildə “Elektron keçidli reaksiyaların, xüsusən metalların komplekslərinin məhlullarında reaksiyaların mexanizminin öyrənilməsi sahəsində işlərinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.