Новости
Фото
Görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun anadan olmasının 90 illik yubileyinə həsr olunan Beynəlxalq konfrans keçirilir
Ноя 21, 2017 | 15:48 / Юбилеи
Прочитано 8405 раз (-а)

Noyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun anadan olmasının 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Kimya, Yer Elmləri bölmələrinin və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, müvafiq bölmələr üzrə fəaliyyət göstərən elmi müəssisələrin rəhbərləri və əməkdaşları, yerli və xarici alimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Xudu Məmmədovun həyat və yaradıcılığından, alimlik zirvəsinə ucalmasından, Azərbaycan elminə göstərdiyi xidmətlərindən və milli vətənpərvər ruhlu mütəfəkkir kimi tanınmasından danışıb. Akademik vurğulayıb ki,  xalqımızın son zamanlar yetişdirdiyi nadir şəxsiyyətlərdən, kristalloqrafiya sahəsində öz sözünü demiş alimlərdən olan Xudu Məmmədov sovet rejiminin hökm sürdüyü dövrdə ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan az sayda ziyalılarımızdandır.

Sonra AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik DilqəmTağıyev “Xudu Məmmədovun elmi-ictimai fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Akademik Xudu Məmmədovun həm elmi, həm də ictimai fəaliyyətindən danışaraq bildirdi ki, Xudu Məmmədov  böyük alim, istedadlı tədqiqatçı, ixtiraçı olmaqla yanaşı, böyük vətəndaş, son dərəcə nəcib, sadə, təvazökar, xeyirxah bir insan olmuşdur. Elm və mədəniyyətimizdə, ictimai düşüncəmizdə əzəmətli bir zirvə olan Xudu müəllim elinə, obasına, xalqına, Vətəninə, dilinə, musiqisinə olan vurğunluğu ilə xalqının, millətinin sevgisini qazanmışdır.

Daha sonra “Xudu Məmmədov – teleportret” filmi nümayiş olunub.

Tədbirdə ABŞ Virciniya Universitetinin professoru Faiq Musayevin “Xudu Məmmədov və zülalların quruluş problemləri”, Türkiyə Kars Universitetinin professoru Hacalı Nəcəfovun  “Xudu Məmmədovun yaradıcılığında elm və sənətin vəhdəti” mövzularında məruzələri dinlənilib.Daha sonra millət vəkili, akademik Rafael Hüseynov, xalq şairi Sabir Rüstəmxanlı, Ağdam rayon İcra Başçısının müavini Arzu Rəhimova və başqaları ğörkəmli alim Xudu Məmmədov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Qed edək ki, konfrans öz işini günün ikinci yarısında   Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun akt zalında davam etdirib.