Окт 17, 2017 | 12:48 / Конференции, собрания
Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilatı hesabatların dinlənilməsi başlanıldı. Öncə AMEA- nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev Elmi Şura adından AMEA-nın müxbir üzvü Məhəmməd Babanlını Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafat müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdi. Akademik, həmçinin Təhsil Nazirliyi tərəfindən keçirilən tenderdə qalib olmuş 9-cu sinif kimya dərsliyinin müəllifi, İnstitutun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru İltifat Lətifovu da təbrik etdi. Sonra akademik Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək bildirdi ki, bu gün “Mineral xammalın kompleks emalı” şöbəsinin hesabatları dinləniləcək. Daha sonra qeyd olunan şöbə üzrə laboratoriyaların 2017- ci ildə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan elmi işlər haqqında laboratoriya rəhbərlərinin , eləcə də həmin laboratoriyalarda çalışan baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı.Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və gələcəkdə görüləcək işlər haqqında tövsiyələrini və təkliflərini verdi. Akademik bildirdi ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır. Sonda hesabatların qəbul olunması haqqında qərar verildi.