News
Photo
Elmi Şurada AMEA-nın müxbir üzvü, professor Eldar Zeynalovun 70 illik yubileyi qeyd olunub
Oct 08, 2018 | 14:38 / Jubilees
Read 7712 time (-s)

08.10.2018 –ci il tarixində AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tanınmış kimyaçı alim, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Eldar Bahadır oğlu Zeynalovun 70 illiyinə həsr olunmuş yubiley iclası keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Institutun direktoru akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, tanınmış kimyaçı alim, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Eldar Bahadır oğlu Zeynalovun 70 illiyinin keçirilməsi haqqında  AMEA Kimya Elmləri Bölməsinin qərarına uyğun bu gün yubiley iclası keçirilir.

Akademik qeyd etdi ki, professor Eldar Zeynalovun elmi fəaliyyətinin əsas istiqamətləri füllerenlərin, metal saxlayan karbon nanoboruların, nanoliflərin və funksionallaşdırılmış karbon nanostrukturların iştirakında karbohidrogenlərin və polimerlərin maye fazada katalitik aerob və peroksid oksidləşmə proseslərinin kinetik qanınauyğunluqlarının öyrənilməsi, sintetik neft- və oksiturşuların müasir tələblərə cavab verən alınma proseslərinin işlənib təkmilləşməsi, neft kompozisiyalarının tərkibində olan antioksidantların fəallığına dair kinetik araşdırılmaların aparılması və polimer materialların termiki və termooksidləşdirici stabilliyi məsələlərinin öyrənilməsidir. Eldar müəllimin rəhbərliyi altında aparılmış tədqiqat işlərinin nəticəsində ilk dəfə olaraq Azərbaycan neftlərinin və neft fraksiyalarının tərkibində olan təbii antioksidantların aktivliyi tədqiq olunmuş, Azərbaycan ərazisi üzrə neftlərin inhibitor aktivliyinə dair məlumat bankı yaradılmış, karbohidrogenlərin və polimerlərin aerobik oksidləşmə proseslərində nano-titan dioksidlər və nano- karbon birləşmələrindən bir neçəsi katalizator və antioksidant kimi tətbiq edilmiş, sintetik neft turşuları və oksiturşuların alınmasının elmi və praktiki əsasları işlənib hazırlanmış, nanoölçülü titan oksidlərin iştirakı ilə efirlərin alınma reaksiyaları öyrənilmiş və müasir tələblərə cavab verən ekoloji təmiz və səmərəli proses təklif edilmişdir. Hazırda Eldar müəllim  2015-ci ildə yaradılmış Beynəlxalq laboratoriyada neft mənşəli kaustobiolitlərdən alınan nano-karbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair funtamental tədqiqatlar aparır.

Akademik Dilqəm Tağıyev qeyd etdi ki, yubliyarın  yüksək ixtisaslı kadrların yetişdirilməsində də böyük xidmətləri vardır. Belə ki, onun rəhbərliyi  altında 11 kimya və texnika üzrə fəlsəfə doktoru və 1 kimya elmlər doktoru hazırlanmışdır. Alimin apardığı elmi -tədqiqat işləri 10 monoqrafiya və kitabda, 400-ə yaxın elmi məqalədə, 15 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır.

Sonra akademik Dilqəm Tağıyev yubilyarı öz adından və İnstitut kollektivi adından təbrik edərək,  ona can sağlığı və elmi fəaliyyətində yeni-yeni yaradıcılıq nailiyyətləri arzuladı.

Daha sonra kimya üzrə fəlsəfə  doktoru, Elçın Hüseynov yubilyarın həyat və elmi fəaliyyətini əhatə edən geniş məruzə ilə çıxış etdi. Sonra akademik Əjdər Məcidov, professor Asif Məmmədov və başqaları  yubilyar haqqında danışdılar və ona gələcək fəaliyyətində uğurlar arzuladılar.

Sonda professor Eldar Zeynalov İnstitut rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

JOURNALS
Useful links