News
Photo
Elmin İnkişafı Fondu ilə “Elsevier” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Apr 24, 2018 | 15:00 / Meetings
Read 7483 time (-s)

Memorandum elm-texnologiya, innovasiya və biznes əlaqələrinin gücləndirilməsinə imkan yaradacaq.

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın ən böyük elmi informasiya, analitik təhlil və nəşr şirkətlərindən biri olan “Elsevier” arasında əməkdaşlıq memorandumunun imzalanması məqsədilə görüş keçirilib.  

Öncə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxış edərək müasir dövrdə Azərbaycanda elmin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, bu gün ölkə alimləri qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifə qoyulub: “Bu vəzifənin yerinə yetirilməsi üçün alim və mütəxəssislər müxtəlif qrant layihələrdə fəal iştirak etməli, həmçinin öz elmi nəticələrini dünyanın nüfuzlu jurnallarında nəşr etdirməlidirlər”.

E.Babayev rəhbərlik etdiyi fondun bu istiqamətdə tədqiqatçılara köməklik göstərməyə hazır olduğunu bildirib. Qeyd edib ki, hazırda dünyanın mötəbər nəşriyyatları, akademik qurumları və eyni zamanda, məlumat bazası təqdim edən xüsusi şirkətlərlə əməkdaşlıq əlaqələri qurulur, birgə layihələr həyata keçirilir. Bu təşəbbüslər Azərbaycanın dünya elminə açıq olduğunu və beynəlxalq aləmə inteqrasiya etdiyini bir daha təsdiqləyir.

O, “Elsevier” ilə imzalanacaq müqavilənin əhəmiyyətindən söz açaraq, bu əməkdaşlığın Azərbaycanda elmi jurnalların səviyyəsinin yüksəldilməsinə, alimlərin elmi məqalələrin hazırlanması ilə bağlı maarifləndirilməsinə və beynəlxalq elmi əlaqələrin gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Sonra “Elesvier”in vitse-prezidenti Haest Feliks təmsil etdiyi şirkətin tarixi və təklif etdiyi xidmətlər barədə təqdimatla çıxış edib. Bildirib ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş bu şirkət “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir.

H.Feliks birgə əməkdaşlığın hər iki qurum üçün xüsusi önəm daşıdığını deyərək, Elmin İnkişafı Fonduna gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə “Elsevier”in Türkiyə, İran, Orta Şərq və Mərkəzi Asiya üzrə regional satış direktoru Tayfun Başal çıxış edərək memoranduma əsasən Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabatların müntəzəm olaraq hazırlanacağını, eləcə də son illərdə geniş yayılmış “yırtıcı” jurnallar haqqında məlumatların təqdim ediləcəyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev memorandumun Azərbaycan elminin gələcək inkişafı üçün faydalı olacağına əminliyini ifadə edib. Ölkə alimlərinin dünyanın nüfuzlu jurnallarda təmsil olunması və beynəlxalq aləmə ineqrasiyası baxımından bu əməkdaşlığın zəruriliyini vurğulayıb.

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Elçin Babayev və Haest Feliks imzalayıblar. 

Memoranduma əsasən, tərəflər birgə təlimlər, müxtəlif xarakterli tədbirlər keçirəcək, elm-texnologiya, innovasiya və sənaye/biznes arasında əlaqələrin gücləndirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, texnologiyaların transferinə yardımçı olacaq işlərin yerinə yetirilməsində səylərini birləşdirəcək.

Həmçinin dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan SCOPUS və aparıcı məlumat platforması sayılan SCİENCE DİRECT-dən istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri, bu platformalar üzərində son illər ərzində aparılan təkmilləşdirmə və yeniliklər barədə mütəmadi olaraq məlumat veriləcək, bu elmi şəbəkədən istifadənin Azərbaycan üzrə olan göstəriciləri nümayiş etdiriləcək.

İmzalanma mərasimində “Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru Aliya Ospanova da iştirak edib.

Sonda “Elsevier”in əməkdaşlarına xatirə hədiyyələri təqdim olunub.

JOURNALS
Useful links