News
Photo
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Jan 10, 2018 | 17:10 / Conferences, assemblies
Read 526 time (-s)

Yanvarın 10-da İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İlk olaraq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin akademik-katibi, akademik Nazim Məmmədov məruzə ilə çıxış edib. Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri"nə uyğun həyata keçirildiyini bildirib.

Bəzi statistik məlumatları nəzərə çatdıran N.Məmmədov hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 82 mövzu üzrə 323 tədqiqat işinin aparıldığını deyib: “12 mövzu və 146 iş artıq tamamlanıb. Bölmə üzrə patent üçün 17 iddia sənədi verilib və 6-sı xaricdə olmaqla 16 patent alınıb”. 2017-ci ildə alimlərin 1061 məqaləsinin dərc olunduğunu vurğulayan akademik onlardan 462-nin Scopus və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Əməkdaşların əsərlərinə 9956 istinad olunduğunu söyləyib.

2017-ci ildə "AMEA-nın professoru" elmi adına bölmədən 6 nəfər layiq görülüb.

Kvant informatikası sahəsində ölkədə mövcud durum, potensialı və inkişaf perspektivlərini təhlil edən Nazim Məmmədov AMEA Fizika İnstitutunda "Kvant informatikası" baza laboratoriyasının və bu laboratoriyanın nəzdində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İnformasiya Texnologiyaları Laboratoriyası ilə birgə kadr hazırlığı üçün virtual distant təlim infrastrukturunun yaradıldığını diqqətə çatdırıb.

İclasda qeyd olunub ki, AMEA Fizika İnstitutunda Şamaxı Astrofizika Rəsədxanası ilə Azərkosmos ASC və Milli Aviasiya Akademiyasının birgə Kosmos və yerətrafı kosmik fəzanın fizikası laboratoriyası, AMEA Biofizika İnstitutunda Riyaziyyat və Mexanika İnstitutu ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə İnteqrativ biofizika laboratoriyası, eləcə də Riyaziyyat və Mexanika İnstitutunda Siqnalların emalının riyazi problemləri laboratoriyası yaradılıb. Radiasiya Problemləri İnstitutunun nəzdində Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Ekspertiza, Ətraf mühitin fizika və kimyası, Nüvə Elmləri üzrə Beynəlxalq Məlumat mərkəzləri fəaliyyət göstərir.

Hesabat dövründə elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən danışan N.Məmmədov bildirib ki, alimlərimiz Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrin universitetlərində professor, dəvətli professor kimi pedaqoji fəaliyyətlə məşğul olurlar. Elektron elm və təhsilin inteqrasiyası istiqamətində ardıcıl işlərin görüldüyünü deyən məruzəçi Təhsil Nazirliyinin nəzdində olan on iki universitetin AzScienceNet şəbəkəsinə qoşularaq GEANT elm və təhsil şəbəkəsinə çıxış əldə etdiyini, distant təhsil texnologiyalarının tətbiqinin genişləndiyini, bölgələrdən olan doktorant və dissertantlar üçün elm informatikası fənnindən distant tədris kursunun təşkil olunduğunu söyləyib. Bir sıra texniki fənn olimpiadalarının təşkilindən söz açan akademik "Gənc riyaziyyatçılar məktəbi"nin yaradılması, alimlərlə orta məktəb şagirdləri arasında görüşlərin keçirilməsi və onların laboratoriyalarda aparılan tədqiqat işləri ilə tanışlığını elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyət kimi qiymətləndirib.

Ötən il elm və istehsal arasında əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat nəticələrinin tətbiqi və elmi-tədqiqat ekspedisiyalarının təşkili istiqamətində bir sıra işlər görüldüyünü vurğulayan Nazim Məmmədov on tədqiqat işinin nəticəsinin tətbiq olunduğunu bildirib: "Layların neft veriminin artırılması texnologiyası yaradılmış və Çinin məşhur “Petrochina” neft şirkətinin dəvəti ilə Bohai Bay dəniz yatağında mədən şəraitində tətbiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi əsasında "ASAN Viza" sistemi yaradılaraq "ASAN Xidmət"də tətbiq edilmişdir. Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün informasiya sistemi Bakıxanov küçəsində yerləşən və hazırda istismarda olan körpünün gövdəsində quraşdırılmışdır".

Hesabat məruzəsində beynəlxalq və respublika səviyyəli konfransların keçirildiyi, Azərbaycan və ingilis dillərində çap olunmuş jurnallarda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin nəşr edildiyi bildirilib. Qeyd edilib ki, hesabat ilində akademik Nazim Məmmədov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi təyin olunub. Hazırda BNTİ-də 20 azərbaycanlı alim çalışır.

İclasda Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrin elm və təhsil şəbəkələrini birləşdirən regional kompüter şəbəkəsinin yaradılması, eləcə də Avropanın elm və təhsil şəbəkələri infrastrukturuna inteqrasiya edilməsi üçün "EaPConnect" layihəsinin həyata keçirildiyini deyən Nazim Məmmədov həmin ölkələrin Avropanın bütün elmi qurumları ilə birbaşa, genişzolaqlı internet əlaqəsi qurmaq imkanı əldə etdiyini vurğulayıb. Bildirilib ki, İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq Eduroam xidmətinin Azərbaycan üzrə milli operatorudur. Bu xidmətə qoşulan təşkilatların nümayəndələri xarici ölkələrin elmi qurumlarına səfər etdikdə sərbəst və etibarlı internetə çıxış imkanı qazanırlar.

Məruzə dinlənildikdən sonra hesabat ətrafında akademiklər - Rasim ƏliquliyevTelman ƏliyevFikrət ƏliyevCavad AbdinovBahadur Tağıyev və AMEA-nın müxbir üzvləri - Əminağa SadıqovVəli Hüseynov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Daha sonra hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələr akademiyanın illik hesabatına daxil edilib. Elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında olub.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Zoologiya İnstitutunun doktorantı Nərmin Beydizadə Rumıniyanın Babeş-Bolyai Universitetinə ezam edilib, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov Beynəlxalq Türk Akademiyasının təsis etdiyi "Atalar mirası" Ensiklopedik Multimedia Fondunun koordinatoru vəzifəsinə təyin edilib.

JOURNALS
Useful links