Xəbərlər
AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev «Kimya və Üzvi Kimya üzrə 8-ci Dünya Konqresi»nin təşkilat komitəsinə üzv seçilmişdir
Sen 25, 2018 | 10:25 / Mühüm hadisələr
Oxunub 762 dəfə

AMEA-nın vitse prezidenti, Kataliz və Qeyri-üzvi Kimya institutunun direktoru, akademik Dilqəm Tağıyev 2018-ci il 22-24 oktyabr tarixlərində Almaniyanın Frankfurt şəhərində keçiriləcək və Fransa, Almaniya, Birləşmiş Krallıq, Rusiya, Misir, Qətər, İspaniya, Polşa kimi ölkələrin tanınmış  alimlərinin iştirak edəcəyi növbəti «Kimya və Üzvi Kimya üzrə 8-ci Dünya Konqresi»nin təşkilat komitəsinə üzv seçilmişdir. Birləşmiş Millətlər Təşkilatı 2010-cu ili  Beynəlxalq Kimya ili elan etdiyindən həmin ildən başlayaraq hər il dünyanın müxtəlif ölkələrində kimya yönümlü sənaye, akademik qurumlar və elmi-tədqiqat mərkəzlərinin istehsalat yönümlü və tətbiqi xarakterli elmi-tədqiqat işlərini, yeniliklərini sürətləndirmək üçün yeni əməkdaşlıq yaratmaq məqsədilə «Kimya və Üzvi Kimya üzrə Dünya Konqresi» təşkil olunur. Bu il konqres oktyabrın 22-23-ü tarixlərində Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Konqresə dünyanın müxtəlif kimyəvi cəmiyyətləri,  akademik qurumları, kimya  sənaye birlikləri  və  hətta  tibbi-farmakoloji dərman istehsalçıları da cəlb olunur. Akademik təşkilatların, universitet rəhbərlərinin,  eləcə  də gənc  tədqiqatçılar və  biznes  nümayəndələrinin iştirak  edəcəyi konqres kimyanın müxtəlif sahələrini – farmaseptik və kliniki kimya, biokimya və yaşıl kimya, qida və kənd təsərrüfatı kimyası, dəniz və geokimya və s. əhatə edir. Konqresdə akademik Dilqəm Tağıyev “Dərman maddələrinin immobilizə olunmasında polimer əsaslı  nanovektorların istifadəsi” mövzusunda məruzə ilə çıxış edəcək.  3 gün davam   edəcək konqresdə akademiklər, tədqiqatçılar, alimlər, sənaye mütəxəssisləri və tələbələr üçün öz tətbiqi xarakterli, istehsalat  yönümlü  tədqiqat  işlərini  nümayiş   etdirmək üçün  bir  forum yaradılacaq, kimya mühəndisliyi və biotexnologiya sahəsində meydana çıxan perspektivlərdən gələcək qlobal problemlərin həlli üçün effektiv fikir mübadiləsi təmin ediləcək. Konqresdə həmçinin, İnstitutun əməkdaşı k.ü.f.d. Şamo Tapdıqov da iştirak edəcək. O, «N-metil N-benzil xitozanın so-alkilləşmə metodu ilə  sintezi  və  tədqiqi» mövzusunda  məruzə ilə  çıxış edəcəkdir.

JURNALLAR
Faydalı linklər