Xəbərlər
Alimlər beynin öyrənilməyən yeni zonalarını kəşf ediblər
İyl 25, 2016 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 4984 dəfə

Vaşinqton Universiteti nəzdindəki Tibb Məktəbinin tədqiqatçıları insan beyninin ən ətraflı xəritəsini tərtib ediblər. Tədqiqat nəticəsində müxtəlif funksiyaların yerinə yetirilməsinə cavabdeh olan 100 zona müəyyən edilib. 

116chelny.ru saytı xəbər verir ki, həkimlərin bu vaxta qədər həmin sahələr barədə məlumatı olmayıb.

Alimlər “Human Connectome Project” proqramı çərçivəsində xüsusi alqoritm tətbiq etməklə, 210 könüllünün beynini skanerdən keçiriblər. Tədqiqat zamanı müxtəlif zonalarda beyin qabığının qalınlığının dəyişməsi, sinir hüceyrələrinin yerləşmə sıxlığı və ayrı-ayrı sahələrin aktivliyi nəzərə alınıb.

Alimlərin kəşfi insanın sinir sistemində gedən proseslərin anlaşılması baxımından son dərəcə əhəmiyyətlidir. Baş beyin xəstəliklərinin çoxunun səbəbləri haqqında sualların cavabı hələ də yoxdur. Müasir təbabət şizofreniya, autizm, epilepsiya və demensiyanı, demək olar ki, müalicə edə bilmir, bu xəstəliklərin yalnız bəzi əlamətlərini yüngülləşdirir.

Hazırda tədqiqatçılar yeni zonaları tapmağı və onların funksiyalarını müəyyən etməyi planlaşdırırlar. Bu məlumatlar xəstəliklər müəyyən edilən zaman insan beyninə daha dəqiq təsir göstərməkdə neyrocərrahlara və tibb sahəsinin digər mütəxəssislərinə kömək edəcək.

JURNALLAR
Faydalı linklər