Xəbərlər
Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Günü qeyd olunub
İyl 21, 2016 | 12:35 / Konfranslar, iclaslar
Oxunub 5634 dəfə

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan “Postmodern cəmiyyətdə kitab və media milli identifikasiyanı təmin edən vasitə kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə bu qurumun beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 141 illik şərəfli yol keçmiş Azərbaycan jurnalistikası barədə məlumat verib. O, Azərbaycan ziyalılarının fəaliyyətində mətbuatın və kitabxana fəaliyyətinin mühüm yer tutduğunu söyləyib. M.Göyüşlü mətbuat və kitab mövzusunun bu gün də aktual olduğunu vurğulayib, MEK-in daim bu cür ictimai, elmi əhəmiyyət daşıyan tədbirlərə dəstək verdiyini deyib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar jurnalist, Milli Məclisin deputatı Hikmət Babaoğlu qloballaşan dünyada başlıca idarəetmə vasitəsi olan informasiyanın milli dəyərlərin formalaşmasına ciddi təsir etdiyini söyləyib. Bildirilib ki, mühazirənin məqsədi son dövrlərdə baş vermiş hadisələri də nəzərə alaraq xalqın və dövlətin təhlükəsizliyi baxımından mühüm önəm daşıyan medianın ictimai, siyasi, ideoloji, mədəni, intellektual paradiqmalarını müəyyənləşdirən əsas olması barədə dinləyiciləri maarifləndirməkdir. Baş redaktor hər bir ölkənin milli mətbuat məkanının təhlükəsizliyinin təmin olunmasının milli maraqlar baxımından prioritet istiqamət olduğunu bildirib.

Hikmət Babaoğlu MEK-in fəaliyyətinin Azərbaycan elminin və maarifçilik işinin inkişafına böyük töhfə olduğunu vurğulayıb, kitabxana əməkdaşlarına uğurlar arzulayıb.

MEK-in direktoru Leyla İmanova Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, kitabxana Azərbaycana aid informasiyanı emal edib toplayır və onu istifadəçilərin ixtiyarına verir. L.İmanova MEK-in informasiyanın faydalı və idarəolunan resursa çevrilməsi istiqamətindəki fəaliyyətindən də söz açıb.

JURNALLAR
Faydalı linklər