Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Monqolustan Elmlər Akademiyasının prezidenti ilə görüş keçirilib
May 31, 2018 | 14:00 / Görüşlər
Oxunub 320 dəfə

Bu gün AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Monqolustan Elmlər Akademiyasının prezidenti akademik Duqer Reqdel ilə görüş keçirilib. Öncə AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev qonaqlara institutun yaranma tarixi və Azərbaycan elminin inkişafında rolu haqqında məlumat verib. Bildirib ki, İnstitut fəaliyyət göstərdiyi illərdə ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynamış, bir çox nailiyyətlərə imza atmışdır.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumda gənc alimlərin beynəlxalq aləmə inteqrasiyası baxımından dünyanın qabaqcıl elmi mərkəzlərində təcrübəyə yiyələnməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, iki qurum arasında müxtəlif elmi layihələrin həyata keçirilməsi,  tədqiqatçıların qarşılıqlı olaraq ezam olunması vacib məsələlərdəndir.

Sonra çıxış edən akademik Duqer Reqdel təmsil etdiyi qurum barədə məlumat verib. 60 ilə yaxındır ki, fəaliyyət göstərən akademiyada müxtəlif elm sahələri üzrə elmi tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edib və Monqolustan Elmlər Akademiyası ilə AMEA, eləcədə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb. 

Sonda birgə əməkdaşlığa dair müzakirələr aparılıb, əlaqələrin davamlı inkişafı istiqamətində müvafiq qərarlar qəbul edilib.

Görüşdə Monqolustan Elmlər Akademiyası  Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Çuluun Sampildondov, Monqolustanın Ankaradakı Səfirliyinin 1-ci katibi Solonqa Batsaixan, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, AMEA Beynəlxalq əlaqələr idarəsinin ”Xarici ölkələrin akademik qurumları ilə əlaqələr” şöbəsinin rəhbəri Bunyamin Seyidov da iştirak ediblər.

JURNALLAR
Faydalı linklər