Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda şagirdlər üçün “Açıq qapı” günü keçirildi
Apr 05, 2018 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 732 dəfə

05 aprel 2018-ci ildə AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı şəhəri Qaradağ rayonu Yusif Əliyev adına 195 saylı orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev məktəbliləri rəhbərlik etdiyi İnstitutunda görməyə məmnun olduğunu bildirərək qeyd etdi ki, bu görüş 2016-cı ilin aprel döyüşlərinin ikinci ildönümü ilə eyni vaxta təsadüf edir. Həmin döyüşlərdə həlak olanların ruhu bir dəqiqəlik sükutla anıldı. Akademik bildirdi ki, bu döyüşlərdə Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır.

Daha sonra akademik Dilqəm Tağıyev ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını bildirdi, bu istiqamətdə Akademiyada mühüm işlərin görüldüyünü vurğuladı. Akademik qeyd etdi ki, son illər institutda belə tədbirlər  davamlı olaraq keçirilir və bu işlərin ərsəyə gəlməsində  Gənc Alim və Mütəxəssislər Şurası xüsusi fəallıq göstərir. Akademik Dilqəm Tağıyev bildirdi ki, bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır. Akademik institutun yaranma  tarixi və burada çalışmış görkəmli kimyaçı alimlər haqqında şagirdlərə məlumat verdi.

Sonra institutun elmi işçisi Sevinc Osmanova “Zülallar, aminturşuları və onların təbiətdə rolu” mövzusunda məruzə ilə çıxış etdi. Mövzu şagirdlərdə böyük maraq doğurdu və geniş müzakirəyə səbəb oldu. Akademik Dilqəm Tağıyev və məruzəçi Sevinc Osmanova  şagird, müəllim və zalda əyləşmiş gənc alimlərin çoxsaylı suallarına cavab verdilər.  

Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirildi və qaliblər tərifnamə ilə təltif olundular.

Həmçinin, şagirdlərin müxtəlif laboratoriyalara ekskursiyaları təşkil olundu və  onlar üçün “Analitik kimya”  laboratoriyasında bir sıra maraqlı elmi təcrübələr əyani olaraq göstərildi .

Sonda xatirə şəkli çəkildi və şagirdlər institutdan yüksək əhval-ruhiyyə ilə ayrıldılar.

 

JURNALLAR
Faydalı linklər