Mart 06, 2018 | 13:00 / Yubileylər
Martın 6-da AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda görkəmli kimyaçı alim, akademik Əjdər Məcidovun 80 illik yubileyinə həsr olunan Elmi Şuranın genişləndirilmiş iclası keçirilmişdir.
Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev yubilyarın zəngin və mənalı ömür yolundan, Azərbaycan elminə verdiyi töhfələrdən danışdı. Bildirildi ki, akademik Əjdər Məcidovun elmi fəaliyyətinin əsas istiqaməti metalların paramaqnit liqandlarla və bir elektronlu oksidləşməyə potensial meyli olan liqandlarla komplekslərinin sintezi, onların quruluşu, xassələri, reaksiyayagirmə qabiliyyəti və katalitik aktivliyinin tədqiqi ilə əlaqədardır. Onun rəhbərliyi ilə aparılmış metalların xelatlaşdırıcı stabil radikallarla komplekslərinin sintezi, onların quruluşu və xassələrinin tədqiqi sahəsindəki tədqiqatlar koordinasion birləşmələr kimyasının və homogen katalizin yeni istiqamətinin yaranması üçün təməl olmuşdur.Akademik tərəfindən ilk dəfə olaraq tərkibində stabil radikal saxlayan liqandlarla metalların kristallik kompleks birləşmələri sintez edilmiş, onların kristal və molekulyar quruluşu öyrənilmiş, paramaqnit mərkəzlər arasındakı məsafə təyin edilmişdir.Əjdər Məcidov 250-dən artıq elmi əsərin və 25 müəlliflik şəhadətnaməsinin müəllifidir. Akademik Əjdər Məcidovun elmi araşdırmaları beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. O, Beynəlxalq Paramaqnit Rezonansı cəmiyyətinin üzvü seçilib.
D.Tağıyev akademik Əjdər Məcidovun səmərəli elmi yaradıcılıqla yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması işinə də böyük önəm verdiyini diqqətə çatdırdı və bildirdi ki, onun rəhbərliyi ilə 2 elmlər doktoru və 25 fəlsəfə doktoru hazırlanmışdır. Bundan başqa Əjdər Məcidov uzun illər Bakı Dövlət Universitetinin fiziki-kimya kafedrasında mühazirələr oxumuşdur.
Akademik bildirildi ki, Əjdər Məcidovun elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Akademik Dilqəm Tağıyev qeyd etdi ki, Əjdər Məcidov nüfuzlu alim, təvəzökar insan, hər şeyi olduğu kimi deyən prinsipial alimdir. Kimya Elmləri Bölməsi və institutun kollektivi adından yubilyarı təbrik edən akademik ona can sağlığı və işlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edən AMEA- nın müxbir üzvü Məhəmməd Babanlı, akademik Ağadadaş Əliyev, professor Arif Əfəndi, professor Etibar İsmayılov, SOKAR Neftqazelmitədqiqatlayihə İnstitutunun laboratoriya müdiri Rayyət İsmayılov, a.e.i.Mirheydər Abbasov və başqaları yubilyar haqqında ürək sözlərini bildirdilər, onun kimya elmindəki xidmətlərindən bəhs etdilər. Bildirdilər ki, mənalı ömür yolu, elmə bağlılığı, ilə seçilən akademik Əjdər Məcidov prinsipiallığı, tədqiqatçılıq əzmi və yüksək insani keyfiyyətləri ilə fərqlənir və ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirmişdir. Sonda yubilyar ona göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və çıxış edənlərə təşəkkürünü bildirdi.