Xəbərlər
Foto
AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib
Yan 25, 2018 | 16:08 / Yeni nəşrlər
Oxunub 448 dəfə

Yanvarın 25-də AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideyası, ön sözü və elmi redaktorluğu ilə nəşr olunmuş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq ölkə Prezidenti İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 10 yanvar 2018-ci il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, dövlət başçısının bu addımı onun ölkə tarixinə yüksək diqqət və qayğısının sübutudur.

AMEA rəhbəri qeyd edib ki, akademik Ramiz Mehdiyevin ictimaiyyətə təqdim olunan yeni kitabında arxiv materiallarına, mühüm sənədlərə əsaslanaraq tariximizin vacib məqamlarına dair faktlar oxuculara çatdırılır.

Akademik A.Əlizadənin sözlərinə görə, ölkə tarixi üçün yenilik hesab edilən kitabda aparılan tədqiqatlar və əldə olunan nəticələr gələcəkdə akademiyada müvafiq sahədə daha prioritet istiqamətlərdə, multidissiplinar araşdırmaların aparılmasına təkan verəcək.

Sonra “ADR-İran diplomatik münasibətləri haqqında yazışmalar və müasir dövr” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin cari ilin “Cümhuriyyət ili” elan olunması ilə bağlı müvafiq Sərəncamının Azərbaycan elmi ictiamiyyəti qarşısında mühüm vəzifələr qoyuduğunu bildirib. AXC-nin 100 illiyinin yüksək səviyyədə keçirilməsi üçün AMEA-da Tədbirlər Planının təsdiqləndiyini və artıq bir neçə iclasın keçirildiyini söyləyən alim bu kimi tədbirlərin ilin sonuna kimi davam edəcəyini diqqətə çatdırıb.

Akademik İ.Həbibbəyli AMEA-da cari ildə müvafiq təşkilatlarla birgə AXC tarixinin daha dərindən öyrənilməsi istiqamətində samballı elmi tədqiqat və maarifləndirmə işlərinin aparılmasının, kompleks layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O, ölkə xaricində – Türkiyə, Fransa və Rusiya kimi dövlətlərdə də AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlərin təşkil olunacağını qeyd edib.

AMEA-nın vitse-prezidenti akademik Ramiz Mehdiyevin ərsəyə getirdiyi yeni kitabın böyük aktuallığa malik olduğunu və müstəqil dövlətçilik təfəkkürünün daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, ilk dəfə ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə İran ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında siyasi əlaqələrə dair mühüm tarixi mənbələrdən biridir.

Kitabda yer alan 98 sənədin ilk dəfə elmi ictimaiyyətə təqdim olunduğunu söyləyən akademik İ.Həbibbəyli bildirib ki, akademik Ramiz Mehdiyev bu nəşrdə AXC-nin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolunu yenidən qiymətləndirib, həmin dövrdə aparılan diplomatik yazışmaları təhlil edib: “Kitabda M.Ə.Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və digər cümhuriyyət liderlərinin fəaliyyətləri barədə yeni faktlar öz əksini tapıb. Böyük elmi yeniliyə malik, azərbaycançılığın ön mövqedə olduğu kitab Azərbaycan-İran münasibətlərini öyrənmək üçün də mükəmməl mənbədir”.

Akademik İ.Həbibbəyli, həmçinin kitabda yer alan faktların bir çox elm sahələrini əhatə etdiyini, əsərin beynəlxalq münasibətlər, dilçilik, iqtisadi əlaqələr və ədəbiyyat baxımından da sistemli məlumatlarla zəngin olduğunu vurğulayıb. 

Daha sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın İran ilə ortaq tarixə malik olduğunu qeyd edərək, bu tarixin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

“Akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu kitab ölkədə tarixçi alimlər qarşısına yeni vəzifələr qoyur” - deyən Y.Mahmudov əsərdə Azərbaycan-İran tarixi münasibətlərinə dair maraqlı faktların yer aldığını, bugünədək məlum olmayan bir sıra məqamlara aydınlıq gətirildiyini diqqətə çatdırıb. Bildirib ki, topluda İran-Rusiya, İran-Ermənistan münasibətlərindən də söz açılır. 

Tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək Azərbaycan tarixinin öyrənilməsi baxımından kitabı yüksək qiymətləndirib, onun ərsəyə gəlməsində rolu olan bütün alim və mütəxəssislərə təşəkkürünü bildirib.  

Şərqşünaslıq İnstitutunda Mənbəşünaslıq şöbəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran alim “Cümhuriyyət ili” çərçivəsində rəhbərlik etdiyi qurumda bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı isə çıxışında akademik Ramiz Mehdiyevin Azərbaycan tarixinə dair qələmə aldığı hər bir əsərin böyük əhəmiyyətə malik olduğunu deyib. Bildirib ki, kitabın yazılmasında istifadə olunan arxiv materialların tərcüməsi zamanı orijinallıq və diplomatiya üslubu qorunub saxlanıb ki, bu da faktların oxucuya daha dəqiq, dolğun çatdırılmasında böyük rol oynayır.

Sonda çıxış edən kitabın tərcüməçisi Şahin Yahyayev zəngin faktlarla dolu olan əsərin tariximizin bir sıra qaranlıq səhifələrinə işıq saldığını, həmçinin artıq oturuşmuş sayılan bəzi yanaşmaları yenidən, fərqli bucaq altında nəzərdən keçirməyə sövq etdiyini bildirib.

science.gov.az

JURNALLAR
Faydalı linklər