Xəbərlər
FotoVideo
Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib
Dek 15, 2017 | 17:10 / Konfranslar, iclaslar
Oxunub 628 dəfə

Dekabrın 15-də AMEA-nın Əsas binasında bu qurumun, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı işə başlayıb.

Qurultayın açılış mərasimindən əvvəl Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayın əhəmiyyətindən danışıb. O, Dövlət Proqramının gənclər siyasətini daha səmərəli həyata keçirmək, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialını üzə çıxarmaq, gənc nəslin sağlamlığını qorumaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək kimi hədəflər müəyyənləşdirdiyini diqqətə çatdırıb.

AMEA rəhbəri müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyib. Vurğulayıb ki, ölkədə və xaricdə yaşayan gənc alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində koordinasiya edilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar. Akademik Akif Əlizadə qeyd edib ki, Akademiyada gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu deyən akademik prosesin hazırda da davam etdiyini vurğulayıb.

Tədbirdə akademik Akif Əlizadə AMEA-nın gənc alimlərinin bir çox elmi nailiyyətlər əldə etdiyini, yeni kəşflərə imza atdıqlarını bildirib: "Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edir. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyən edilib. Akademiyanın gənc alimlərinin yaxından iştirakı ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunub, Avropa Birliyi ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib".

Çıxışının sonunda qurultay iştirakçılarını təbrik edən akademik Akif Əlizadə gənc alimlərə elmi fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevə gənclərə göstərdiyi xüsusi diqqət və qayğıya görə bütün Qurultay iştirakçıları adından dərin minnətdarlığını bildirib.

Qurultayda çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb: "Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində bir sıra layihələr həyata keçirir. Belə ki, "İstedadların hazırlığı laboratoriyası" layihəsi artıq beş ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Bu müddət ərzində səkkiz min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər". Nazir, həmçinin rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli "İdeya var!" müsabiqəsi haqqında məlumat verib. Bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov elm və təhsilin inkişafı üçün ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin bir çox fərman və sərəncamlar imzaladığını qeyd edərək bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğulayıb. XXI əsrin milli təhsil quruculuğunun "yol xəritəsi" sayılan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.

Natiq çıxışında təhsilin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının təmin edilməsindən danışaraq 2014-cü ildə SABAH qruplarının yaradılması, "Sabahın alimləri" respublikası müsabiqəsi keçirilməsi, respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edilməsi və tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsinin onların təhsilalma imkanlarının genişləndirilməsi məqsədilə atılan addımlardan olduğunu deyib.

Hazırda respublikamızın orta ümumtəhsil məktəblərində Kiçik Akademiyaların fəaliyyətindən söz açan Ceyhun Bayramov həmin akademiyaların alimlərlə əlaqələrin yaradılması, şagirdlərə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqlarının aşılanması, şagirdlər üçün konfrans və müsabiqələrin təşkil edilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Öz çıxışında Avropa Komissiyası, AMEA və bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilən "Nizami" layihəsi, 2017-ci ildə "Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası"nın təsdiq olunması, təhsilin səviyyəsinin yüksəldilməsi, elmlə təhsilin inteqrasiyası kimi bir sıra məsələlərə toxunan natiq ilk növbədə aparılan tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyindən danışıb: "Bu işdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən aktual elmi araşdırmalara vəsaitin ayrılması, ali təhsil müəssisələrinin və elmi təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, elmi məqalə və elmi jurnalların keyfiyyətinin təmin edilməsi, informasiya kommunikasiya resurslarından istifadənin genişləndirilməsi davamlı inkişafa xidmət edir".

Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultay nümayəndələri tərəfindən qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib.

Tədbirdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Prezident mükafatçısı, Bakı Dövlət Universitetinin müəllimi Aygün İsrailova, Milli Aviasiya Akademiyasının Magistratura və doktorantura şöbəsinin metodisti, texnika üzrə fəlsəfə doktoru Ramil Muxtarov, AMEA Neft və Qaz İnstitutunun Təhsil şöbəsinin əməkdaşı, Akademiyanın ilk məzunu Səfiyyə Əliyeva və digərlərinin çıxışları dinlənilib. Elmi fəaliyyətlə məşğul olmağın üstünlüklərindən və perspektivlərindən bəhs edən gənclər dövlətin elmi gənclik üçün yaratdığı şəraitdən söz açaraq alimlərə elmi tədqiqatlarında uğurlar diləyiblər. 

Qurultayda institutumuzda aparıcı elmi isçi vəzifəsində çalışan, bu il doktorluq dsissertasiyası müdafiə edən gənc tədqiqatçı Dünya Babanlı da çıxış etmişdir. O, Respublikamızda gənc elmi kadrların hazırlanmasına göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Milli Elmlər Akademiyasına təşəkkürünü bildirərək müasir dövrdə elmin ilkişafının prioritet istiqamətlərindən, eləcə də doktorant və magistrlərin dünyanın qabaqcıl elmi müəssisələrinə stajkeçmə və elmi tədqiqatlar üçün uzunmüddətli elmi ezamiyyətlərə göndərilməsinin vacibliyindən danışmışdır.

Qurultayın mandat komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev science.az portalında yaradılmış qurultay nümayəndələrinin qeydiyyatı üzrə analitik informasiya sisteminə əsasən mandat komissiyasının məlumatlarını təqdim edib və qurultayın səlahiyyətli olduğunu nəzərə çatdırıb.

Daha sonra Azərbaycan gənc alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin koordinasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi vacibdir. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırır. Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi qeyd olunur.

Sonda qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva səsləndirib.

science.gov.az

JURNALLAR
Faydalı linklər