Xəbərlər
Prezident İlham Əliyevin elmi gəncliyin inkişafına diqqət və qayğısı gənclər siyasətinin konsepsiyasında xüsusi əhəmiyyət kəsb edir
Dek 15, 2017 | 18:00 / Konfranslar, iclaslar
Oxunub 537 dəfə

Dekabrın 15-də AMEA, Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib. Tədbirdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edib.

Prezident İlham Əliyevin elmi gəncliyin inkişafına diqqət və qayğısı gənclər siyasətinin konsepsiyasında xüsusi əhəmiyyət kəsb etdiyini deyən natiq bildirib ki, elmin inkişafında dinamizmə nail olmaq məqsədilə bir sıra qərar və sərəncamlar imzalanıb. Qeyd edib ki, gənclər siyasətinə dair dövlət proqramlarında gənclərin elmə həvəsləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi kimi mühüm məsələlərin yer alması elmlə məşğul olan gənclərin inkişafında xüsusi stimul yaradıb.

2013-cü ildə AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının yaradıldığını deyən F.Salmanov şura tərəfindən orta məktəblərdə elm guşələri açıldığını, şagirdlər üçün müxtəlif mövzulu seminarlar təşkil olunduğunu söyləyib. Həmçinin ali təhsil ocaqlarının fakültələr üzrə tələbə elmi cəmiyyətləri ilə qurulan əməkdaşlıq əlaqələri nəticəsində AMEA-nın elmi-tədqiqat müəssisələrində tələbə, magistr və doktorantlar üçün seminarlar, "açıq qapı" günləri və digər tədbirlər təşkil olunub.

Natiq gənc kadrlara dair məlumatların sistemləşdirilməsi, kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi, dolğun qərarların qəbulu, müxtəlif təyinatlı təhlillərin aparılması məqsədilə AMEA-da İnformasiya Texnologiyaları İnstitutu tərəfindən "Gənc alim" analitik-informasiya sisteminin yaradıldığını diqqətə çatdırıb.

Şuranın fəaliyyətində gənclərin fiziki hazırlıqlarının artırılması, sağlam həyat tərzinin aşılanması istiqamətində bir sıra işlər görüldüyünü deyən natiq şura tərəfindən hər il AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatı, müxtəlif idman yarışları, spartakiadalar təşkil edildiyini vurğulayıb.

F.Salmanov qurultayın ölkə rəhbərliyinin elm və gənclərlə bağlı siyasətinin həyata keçirilməsində multidissiplinarlığın təmin olunması, müxtəlif təşkilatları təmsil edən gənc alimlər arasında müzakirələrin təşkili və digər məsələlərin həlli məqsədilə AMEA-nın rəhbərliyinin təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Natiq tədbirin gənc alimlərin gələcək peşəkar fəaliyyətləri üçün yeni stimullar formalaşdıracağına əminliyini ifadə edib.

science.gov.az

JURNALLAR
Faydalı linklər