Xəbərlər
"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Dek 14, 2017 | 09:45 / Konfranslar, iclaslar
Oxunub 278 dəfə

Dekabrın 13-də AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsiİctimai Elmlər Bölməsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş "Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları görkəmli şair Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadəkonfransın Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Qeyd edib ki, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Akademik yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən akademik Akif Əlizadə bu diqqətin ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli alimin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Böyük mütəfəkkir şair Hüseyn Cavid haqqında söz" mövzusunda məruzə ilə çıxış edib. Dramaturqun həyat və yaradıcılığından danışan akademik onun fəaliyyətə şeirlə başladığını, ilk pyesi "Ana"nı 1910-cu ildə yazdığını bildirib. Qeyd edib ki, 1937-ci ilə kimi 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələri Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. Akademik sənətkarın ədəbiyyatımızda mühüm rolundan, şair, dramaturq və istedadlı pedaqoq kimi yaradıcılığından söz açıb, "İblis", "Peyğəmbər", "Şeyx Sənan" və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb.

Akademik qeyd edib ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. Hüseyn Cavid irsinin müxtəlif dilə, dini etiqada və mədəniyyətə malik insanların çoxmədəniyyətlilik, çoxdillilik, çoxetiqadlılıq şəraitində ahəngdar, birgəyaşayışını və bir-birinə münasibətdə xoşrəftarlılığı təlqin etdiyini söyləyən İ.Həbibbəyli vurğulayıb ki, onun yaradıcılığının milli və coğrafi hüdudları, məkan və zaman çərçivəsi yoxdur. Akademik bildirib ki, Cavid yaradıcılığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinə birbaşa xidmət edən dəyərli əsərlərdən ibarətdir.

"Fikirdən hazır misrayadək olan yol: düşüncəni bədiiləşdirmək və şeirə çevirmənin Cavid tərzi" mövzusunda məruzə ilə çıxış edən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov ədibin əsərləri üzərində özünəməxsus iş xüsusiyyətlərindən danışıb. Qeyd edib ki, böyük Azərbaycan şairi və dramaturqunun yaradıcılıq prosesi son dərəcə fərdi, təkrarsız olmaqla yanaşı, həm də müəyyən məchulluğa malikdir.

Natiq Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, qaralamaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından bəhs edib. Vurğulayıb ki, Hüseyn Cavidin yazacağı şeirin yalnız ideyaca, mənaca deyil, hətta ifadə baxımından necə olacağını əvvəlcədən müəyyənləşdirdiyini həmin əlyazma materialları aşkar nümayiş etdirir. Şeirə keçməzdən əvvəl o, hiss və düşüncələrini nəsrlə yazır, daha sonra isə bu dəqiq cızılmış "yol xəritəsi" əsasında şeirini qurub.

Akademik Rafael Hüseynov çıxışında görkəmli dramaturqun bədii tərcümələr zamanı orijinalın mənasını qorumaqla yanaşı, onu əslindən geri qalmayan yüksək bədiiliklə ifadə etmək üçün yad misraları necə özününküləşdirməsini konkret nümunələr və Ömər Xəyyam irsindən müxtəlif şairlərin tərcümələriylə müqayisələr əsasında təqdim edib.

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Hüseyn Cavid və klassik irs" mövzusunda məruzə ilə çıxış edib. Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olduğunu deyən natiq bildirib ki, böyük dramaturqun sənətinin unikallığı Şərq-Qərb ədəbi-mədəni kontekstinin sintezindən ibarət olmasıdır. T.Kərimli vurğulayıb ki, Şərq təhsili alan, Məhəmmədtağı Sidqi kimi böyük bir pedaqoqun təhsil ocağında yetişən, fars dilinə bələd olan, hətta bu dildə bənzərsiz şeirlər yaradan Cavid Qərb mədəniyyətini və ədəbiyyatını da mükəmməl səviyyədə mənimsəyib, mütəfəkkir-şair-dramaturq kimi formalaşıb.

Natiq bildirib ki, Cavidin müraciət etdiyi klassik əsərlər arasında İran şairləri – Əbülqasım Firdovsi, Ömər Xəyyam və Fəridəddin Əttar daha çox üstünlük təşkil etsə də, bütün bu qaynaqlar ona ancaq forma materialı kimi lazım olub: "Cavidin məzmunca ən çox iki qaynağa – Nizami humanizminə və Füzuli məhəbbətinə söykəndiyini görürük. Xüsusən yaradıcılığının ilk dövrlərində məhəbbət mövzusunda yazılmış əsərlərə üstünlük verən ədib böyük Füzulinin layiqli xələfi kimi çıxış edir. Lakin onu da göstərmək lazımdır ki, Füzuli məhəbbətindən fərqli olaraq, Cavid məhəbbəti daha çox vüsala can atan, ayrılıqdan əzab çəkən bir özəlliyə malikdir. Bu da şairin məhəbbətindəki irfani çaları hədsiz dərəcədə azaldır, onu dünyəvi məhəbbətin tərənnümçüsünə çevirir".

Elmi konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Hüseyn Cavidin poetik dili", Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Hüseyn Cavid obrazı Azərbaycan incəsənətində", filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Hüseyn Cavid yaradıcılığında multikulturalizm: Şeyx Sənan və Xumar", Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya  üzrə  elmlər doktoru Gülbəniz Babaxanlı "Hüseyn Cavid yaradıcılığında Şərq-Qərb məsələsi", Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli "Heydər Əliyev və Hüseyn Cavidin fəlsəfi irsi" mövzulu məruzələrlə çıxış ediblər.

science.gov.az

JURNALLAR
Faydalı linklər