Xəbərlər
Foto
Akademik Əşrəf Hüseynovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib
Dek 13, 2017 | 14:57 / Konfranslar, iclaslar
Oxunub 384 dəfə

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək Əməkdar elm xadimi, akademik Əşrəf Hüseynovun 110 illik yubileyinə həsr edilən toplantı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları akademik Əşrəf Hüseynovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Akademiyanın Əsas binasında baş tutan tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq akademik Əşrəf Hüseynovun mənalı ömür yolundan, elmi yaradıcılığından, müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri kimi fəaliyyətindən, elmi və təşkilati işlərindən danışıb.

Akademik A.Əlizadə ölkəmizin tarixində ilk riyaziyyatçılardan olmuş akademik Ə.Hüseynovun riyaziyyatın inteqral tənliklər və onların tətbiqləri sahəsində görkəmli mütəxəssis kimi tanındığını bildirib. Onun əldə etdiyi fundamental nəticələrin inteqral tənliklər nəzəriyyəsində dönüş yaratdığını deyən AMEA rəhbəri bu istiqamətdəki tədqiqatlar sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbinin yarandığını diqqətə çatdırıb.

Ömrünü elm və təhsilin inkişafına həsr etmiş böyük alimin elmi kadrların hazırlanmasındakı xidmətlərindən danışan akademik Akif Əlizadə Əşrəf Hüseynovun zəngin riyazi irsinin bu gün də elmimizin inkişafına öz töhfəsini verdiyini deyib.

Sonra Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov akademikin elmi-pedaqoji fəaliyyətindən danışıb. Akademik Əşrəf Hüseynovun ölkəmiz üçün göstərdiyi xidmətləri təqdirəlayiq qiymətləndirən nazir müavini elm və təhsildə yüksək zirvəyə ucalan istedadlı alimin 80-dən çox elmi əsərin müəllifi olduğunu, rəhbərliyi ilə 30-dan çox fəlsəfə və elmlər doktoru yetişdirdiyini nəzərə çatdırıb.

"Akademik Əşrəf Hüseynovun elmi irsinin aktuallığı" mövzusunda məruzəylə çıxış edən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov alimin inteqral tənliklər və onların riyazi fizika məsələlərinə tətbiqi sahəsində tanınmış alim olduğunu vurğulayıb. Bildirib ki, harmonik funksiyanı ümumi şəkildə inteqral tənliklər sisteminə gətirməklə həllinin varlığının isbatı üsulunu verən akademik Əşrəf Hüseynovun qeyri-xətti sinqulyar tənliklər nəzəriyyəsi istiqamətindəki işləri ona böyük şöhrət qazandırıb.

Akademik Əşrəf Hüseynovun tədqiqatlarının aktuallığından söz açan natiq qeyd edib ki, inteqral və sinqulyar inteqral tənliklərin təqribi həll üsullarının yaradılması ilə xalq təsərrüfatı sahəsində, eləcə də neft və qaz yataqlarının istismarında bir sıra məsələlər öz həllini tapıb. Akademik Nazim Məmmədov Azərbaycanda riyaziyyat elminin bir çox sahələrinin formalaşmasında alimin uzun illər rəhbərlik etdiyi seminarın mühüm rol oynadığını söyləyib.

Sonra İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Akademik Əşrəf Hüseynov Azərbaycanda kibernetika elmi məktəbinin yaradıcısıdır" mövzulu məruzəylə çıxış edib. Məruzəçi mərhumun Azərbaycanda kibernetika, idarəetmə sistemləri istiqamətindəki məhsuldar fəaliyyətindən danışıb, akademik Əşrəf Hüseynovun AMEA-da çalışdığı müddətdə təkcə elmimiz üçün deyil, iqtisadiyyatımız üçün də mühüm xidmətlərindən söz açıb: "O, Kibernetika İnstitutunun direktoru vəzifəsinə təyin edildikdən sonra müəssisənin elmi istiqamətlərini müəyyənləşdirmək, elmi məktəblər yaratmaq, elektron hesablama maşınlarını elmi tədqiqat proseslərində istifadə etmək, ölkənin qarşısına çıxan iqtisadi problemlərin həllinin elektron maşınlarda həyata keçirilməsini təmin etmək kimi aktual və çox çətin problemlərin həllinə nail olub". Alimin instituta rəhbərlik etdiyi illəri xatırlayan akademik Telman Əliyev o zaman institutun təkcə respublikada deyil, Sovet İttifaqı miqyasında tanınmış müəssisəyə çevrildiyini deyib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov "Akademik Əşrəf Hüseynovun elmi-təşkilati fəaliyyəti" haqqında məruzə edib. Misir Mərdanov akademik Əşrəf Hüseynovun həyatının keşməkeşli anları və tələbəlik illəri, elmi yaradıcılığı və pedaqoji fəaliyyəti barədə çıxış edib.

Yubiley tədbirində akademik Əşrəf Hüseynovun pedaqoji fəaliyyəti haqqında çıxış edən Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev, Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyev, BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov alimlə bağlı xatirələrini bölüşərək Əşrəf Hüseynovun adının ölkəmizin hər yerində daim böyük hörmət və ehtiramla anıldığını vurğulayıb.

Sonda görkəmli akademikin ailə üzvləri adından tədbirin təşkilatçılarına minnətdarlıq bildirilib.

science.gov.az

JURNALLAR
Faydalı linklər