Xəbərlər
AMEA Yüksək Texnologiyalar Parkı Bolqarıstan şirkətləri ilə əlaqələri genişləndirir
Noy 30, 2017 | 15:31 / Konfranslar, iclaslar
Oxunub 4531 dəfə

AMEA-nın Rəyasət Heyətində təhsil-elm-biznes istiqamətində görüş keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevİşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, Yüksək Texnologiyalar Parkının ("YT Park") direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Bolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatasının sədri Dimitar Bratanov, Bolqarıstandan olan şirkətin baş meneceri Plamen Taşkov, “EPC Group” MMC-nin baş direktoru Mohammad Miabi və digərləri iştirak ediblər.

Tədbirdə akademik Dilqəm Tağıyev çıxış edərək bolqarıstanlı qonaqlara Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkının fəaliyyətindən danışıb. Elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması kimi funksiyaları həyata keçirən "YT Park"ın bir sıra beynəlxalq sertifikatlara layiq görüldüyünü, azərbaycanlı alimlərin çex, rus və bolqar həmkarları ilə əməkdaşlıq etdiklərini bildirib.

Sonra Dimitar Bratanov Bolqarıstanda fəaliyyət göstərən şirkətlər barədə məlumat verərək istehsal etdikləri innovativ məhsulları görüş iştirakçılarının diqqətinə çatdırıb. Akademiya ilə əməkdaşlığa maraqlı olduqlarını bildirən sədr Azərbaycanda bir neçə layihənin uğurla reallaşdırılmasında yaxından iştirak etdiyini vurğulayıb. Hər iki ölkənin müxtəlif istiqamətlərdə, o cümlədən elm sahəsində birgə əməkdaşlığının müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən "YT Park"ın direktoru Vüqar Babayev qonaqları salamlayaraq tarixən Azərbaycan-Bolqarıstan əlaqələrinin müxtəlif istiqamətlərdə mövcud olduğunu vurğulayıb. Parkda çalışan alimlərin Bolqarıstandan olan nümayəndə heyəti ilə diskussiya şəraitində təşkil olunacaq müzakirələrə maraqlı olduqlarını bildirən Vüqar Babayev qonaqların mövcud layihələrdə iştirakını yüksək qiymətləndirib.

Çıxış edən Mohammad Miabi bu layihəyə öz töhfələrini verəcəyinə əminliyini ifadə edərək rəhbərlik etdiyi müəssisənin kommersial tipli məhsullar istehsal edəcəyini bildirib.

Sonra çıxış edən Əminağa Sadıqov AMEA-nın Bolqarıstanın elm və təhsil mərkəzlərilə mövcud olan əməkdaşlığından danışıb.

Sonda qonaqlara hədiyyələr verilib.

Görüşdən sonra qonaqlar "YT Park"da olublar.

science.gov.az

JURNALLAR
Faydalı linklər