Xəbərlər
Bakıda patent hüququ mövzusunda beynəlxalq seminar keçirilir
Noy 28, 2017 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 205 dəfə

Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb.

Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan danışıb.

Əqli mülkiyyət hüquqularının qorunmasını təmin edən müasir qanunvericilik bazasının olduğunu deyən komitə sədrinin müavini dövlət tərəfindən innovativ iqtisadiyyatın dəstəklənməsi üçün görülən zəruri tədbirlərdən danışıb. Bildirib ki, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır.

Cari ilin 10 fevral tarixində dövlət başçısı tərəfindən imzalanmış fərmana əsasən keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin təsis edildiyini deyən N.Rəhimov mərkəzin Azərbaycanda elmin, sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafında stimullaşdırıcı rolunun artacağına əminliyini ifadə edib.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent hüququ şöbəsinin müdiri Marko Aleman isə təmsil etdiyi təşkilat ilə komitənin əlaqələrindən danışıb. O bildirib ki, Azərbaycan ÜƏMT üçün faydalı və uğurlu tərəfdaşdır. ÜƏMT-nin əksər saziş və müqavilələrinə qoşulmaqla bu sahədə maraqlarını bəyan edən Azərbaycan əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində beynəlxalq tələblərə uyğun inkişafını təmin edir. Qonaq qeyd edib ki, təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyi bundan sonra da davam edəcək. O, “Patent hüququ” müqaviləsinin (PLT) ümumi icmalını iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra seminar beynəlxalq ekspertlərin ixtiraçılıq sahəsinin təşviqi, iddiaçılara daha çevik və asan xidmətlərin göstərilməsində “Patent hüququ” müqaviləsinin əhəmiyyəti, müqavilənin tələbləri, müvafiq prosedurları sadələşdirən müddəalar, ehtiyatsızlıqdan hüquqların itirilməsinin qarşısının alınmasına yönəlmiş “Patent hüququ” müqaviləsinin müddəaları ilə bağlı məruzələrlə davam etdirilib.

Qeyd edək ki, seminarda institutumuzun Elmi-informasiya və patent tədqiqatları şöbəsinin əməkdaşları Hüseynova Təranə, Novruzova Vəfa iştirak edirlər.

JURNALLAR
Faydalı linklər