Xəbərlər
Kalsium insan orqanizmində əhəmiyyətli elementdir
Noy 28, 2017 | 10:55 / Maraqlı məlumatlar
Oxunub 9645 dəfə

Kalsium - kimyəvi elementlərin dövri sisteminin dördüncü dövrün ikinci əsas yarımqrup elementidir, sıra nömrəsinə görə iyirminci yerdədir. Kalsium yer qabığının 4,1%-ni təşkil edir. O, təbiətdə yayılmasına görə beşinci yeri tutur. Kalsium təbiətdə bərk, gümüşü ağ metal şəklində olur. Təbiətdə o, gips (CaSO4x2H2O), flüorit (CaF2), apatit (Ca5(PO4)3(OH)) və  kalsit CaCO3 şəklində rast gəlinir.

Kalsium insan orqanizmində əhəmiyyətli elementdir. O, orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir, qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir.

Kalsium orqanizmimizə müxtəlif qidalarla daxil olur. Buna görə də kalsiumla zəngin qidalar qəbul etmək lazımdır. Kalsiumla zəngin olan qida məhsullar süd, pendir, kəsmik ilə yanaşı, həmçinin soya,  fıstıq, qoz,  kələm, balıq və.s kimi məhsullar nəzərdə tutulur. Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800-1200 mq. arasıdır. Ümumiyyətlə, gündəlik kalsium miqdarı 1500 mq-dan artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir. 

Süd məhsulları maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd məhsullarının tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.

Kalsium həm də orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. Kalsium çatışmazlığı orqanizmdə bir çox problemlər, xəstəliklər yarada bilər. Bu xəstəliklərin bir neçəsini nəzərdən keçirək: 

1. İlk növbədə kalsium sümükləri meydana gətirən və onları möhkəmləndirən bir element olduğu üçün kalsium çatışmazlığı nəticəsində sümüklər kövrək olur, insan skeletində deformasiya baş verir. Məsələn, skalioz xəstəliyi günümüzün ən qlobal xəstəliklərindəndir və onu yaradan səbəblərdən biri kalsium çatışmazlığıdır. 

2. Bilirik ki, orqanizmimizdəki kalsium ürəyin, qan-damar sisteminin fəaliyyətini tənzimləyir. Lakin, kalsium çatmışmadıqda, ürək fəaliyyəti pisləşir və arterial təzyiq aşağı düşür. Nəticədə, əzələlərdə spazmlar, keyimələr, qıcolmalar olur. 

3. Kalsium çatışmadıqda dişlərdə çürümə, tökülmə kimi müəyyən xəstəliklər yaranır. 

Bizim kalsiumlu qidalar qəbul etməyimizlə yanaşı, kalsiumun orqanizm tərəfindən mənimsənilməsi vacib faktordur. D vitamini orqanizm tərəfindən kalsiumun mənimsənilməsinə yardım edir. D vitamini yağlı balıqda, yumurtada və süd məhsullarında var. Qeyd etmək lazımdır ki, günəş şüası da orqanizmdə bu vitaminin sintez olunmasına yardım edir. 

Elə maddələr var ki, kalsiumun mənimsənilməsinin qarşısını alır. Bunlardan biri dövrümüzün pis və əksəriyyət tərəfindən istifadə olunan siqaretdir. Siqaret çəkmək orqanizmə bütünlüklə ziyandır. Siqaret çəkən insanların bir orqanında deyil, bütün orqanlarında, qan-damar və sinir sistemlərində, dərilərində xəstəliklər yaranır. Nəzərə almaq lazımdır ki, siqaretdən istifadə edərək, orqanizmimizdə xəstəliklər yaratmışıqsa, bu xəstəliklər irs olaraq bizdən gələcək nəslimizə keçir. Həmçinin, siqaret çəkərkən insanlar ətrafdakıları da passiv çəkici olaraq zəhərləyir. Siqaret və digər pis vərdişlərə qarşı əgər mübarizə  aparmasaq, bəşəriyyət uçuruma gedər.

Bir sözlə, kalsium insan orqanizmində mühüm rol oynayır. Kalsiumlu, ümumiyyətlə, vitaminli qidalar qəbul etmək vacib və əvəzsizdir. 

JURNALLAR
Faydalı linklər