Xəbərlər
Akademik Dilqəm Tağıyev və professor İxtiyar Bəxtiyarlının görkəmli kristalloqraf, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun anadan olmasının 90 illiyi ilə əlaqədar Elm qazetində 24.11.17-ci il tarixində “Elmdə öz cığırı olan alim” məqaləsi dərc olunub
Noy 27, 2017 | 14:01 / Nəşrlər
Oxunub 5636 dəfə

Elmdə öz cığırı olan alim

Bu günlərdə respublikamızın elmi-mədəni ictimaiyyəti görkəmli kristalloqraf, vətəndaş alim, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun anadan olmasının 90 illiyini ehtiramla yad etdilər. Dünya elmində öz cığırı, öz izi olan, özünü bütövlükdə elmə həsr etməyi bacaran, yurdsevər ziyalıya bu ehtiram “Təbiət insanları əbədi yaşada bilməsə də Xalq yaşadır” kəlamını bir daha təsdiq edir.

X.Məmmədovu ilk dəfə dünya elmində şöhrətləndirən onun «Ksonotlitin kristal quruluşu» adlı namizədlik dissertasiyası olmuşdur.

Aspirantura hazırlığını SSRİ EA-nın Kristalloqrafiya İnstitutunda akademik N.V.Belovun rəhbərliyi ilə keçirən gənc tədqiqatçı X.S.Məm­­mədov 1955-ci ildə  sement silikatlarından olan ksonotlitin və vollastonitin  quruluşunu  açmış  və  bağlayıcılıq  xassəsinin quruluşla əlaqədar olduğunu izah etmişdir.

Ksonotlit kristalının təbiəti ilə əlaqədar bir sıra çətinliklər quruluşun açılmasını ləngidirdi. Xudu Məmmədov daha səmərəli yol seçərək «Üçlü pik» teoremini vermiş və onu isbat etmişdir. Bu teorem Paterson sintezi üçün çətinlik törədən örtmələri aradan qaldıraraq bir çox mürəkkəb kristalların (o cümlədən vollastonit ailəsi silikatlalarının) quruluşlarının açılmasında həlledici rol oynamışdır.

İngiltərə Universitetləri üçün Q.Lipson, V.Kokren tərəfin­dən yazılmış «Kristalların quruluşunun təyini» dərsliyinin 1956-cı il Moskva nəşrində qeyd edilmişdir ki, «Simmetriya mər­kəzlərinin Paterson sintezinə görə təyininin müstəsna dərəcədə sadə üsulunu X.S.Məmmədov göstərmişdir…»

X.Məmmədov ilk dəfə sübut etmişdir ki, sement silikatlarının bağlayıcılıq (yapış-dırıcılıq) xassəsi quruluşla əlaqədardır. Sement bərkiyərkən quruluşda dəyişiklik baş verir. Başqa sözlə, ksonotlit vollastonitə çevrilir. X.Məmmədovun əldə etdiyi bu elmi nəticələr dünya elmində böyük sensasiya yaratmışdır.

Görkəmli ingilis kristalloqrafı professor C.Bernal bildirmişdir: “Mən X.S.Məmmədo-vun ksonotlit üçün təklif etdiyi quruluşu bu saat gördüm. Onunla ətraflı tanış olmağa vaxtım olmasa da, mən ilk baxışdan quruluşda təklif olunmuş ikiqat silikat zəncirinə heyran oldum. Mənə elə gəlir ki, məsələnin bu cür uğurlu həlli tək təqdim edilən ksonotlitə yox, həm də onunla quruluş qohumluğu olan gillibranditə və vollastonitə də aiddir…Hesab edirəm ki, cənab Məmmədovu öz nailliyyətləri münasibəti ilə təbrik etməyə dəyər”.

Bir qədər sonralar professor C.Bernal X.Məmmədova gön­dərdiyi «Həyatın başlanğıcı» monoqrafiyasına yazdığı avtoqrafda fikrini belə tamamlamışdı: «Doktor X.Məmmədovun kristal kimyasına verdiyi töhfə canlı həyatla mineral kimyası arasında körpü salmışdır».

Kristalloqrafiya  İnstitutunun  ilk direktoru, akademik A.B.Şubnikov «Kristallar elm və texnikada» kitabında yazmışdı: “1955-ci ildə akademik N.V.Belovun rəhbərliyi ilə X.S.Məmmədovun ksonotlit və vollastonitin quruluşunun öyrənilməsinə dair dissertasiya işi rentgen quruluş analiz sahəsində dövrün ən böyük nailiyyətidir…”

X.Məmmədov 1970-ci ildə alınan əsaslı nəticələrini «Kalsium silikatlarının kristallokimyası» adlı doktorluq dissertasiyasında ümumiləşdirdi.

Burada o, sementin bərkiməsinin nəzəri əsaslarını verib dünya tədqiqatçılarını maraqlandıran fundamental texnoloji məsələləri həll etməklə yanaşı, mineralların quruluşunda böyük kationların aparıcı rolu haqqında  akademik N.V.Belov tərəfindən irəli sürülən yeni konsepsiyanı əyani şəkildə sübut etmişdir.

Sonra kalsium silikatlarının kristallokimyəvi təsnifatını nizama salan X.Məmmədov bağlayıcılığın kristallokimyəvi nəzəriyyəsinin əsasını qoymuşdur ki, bu da minerallar kimyasında yeni fəslin – İkinci fəslin yaranması deməkdir.

Bundan başqa o, oxşar kristalların quruluşunu ortaq motiv axtarışı baxımından analiz edərək kristallokimya elminə «quruluş vahidi» anlayışını daxil etmişdir.

Bu  sadalanan  samballı  elmi  nəticələrlə  X.Məmmədov, C. Bernaldan  və N.B.Belov-dan sonra kristallokimyanın ümumi nəzəri problemlərinin həlli sahəsində dünya lideri səviyyəsinə qalxmışdır.

Beləliklə, X.Məmmədov şəxsində elm bir tərəfdən silikat quruluşlarını dərindən bilən istedadlı quruluşçu-eksperimen­ta­tor, digər tərəfdən isə kritallokimya sahəsində nəzəri məsələlərə və kristal quruluşları haqqında fiziki nəzəriyyənin yaradılmasında xüsusi zövqü, qeyri-adi fəza təsəvvürlü və güclü erudisyası olan bir alim qazanmışdır.

Elmlə sənətin əlaqəsi, onların idrak prosesində rolu haqqında ta qədimdə üzü bəri, müxtəlif cəmiyyətlərdə müəyyən baxışlar söylənilmişdir. X.Məmmədov deyilən fikirlərin köhnəlməsinə  görə yox, məhz sualın yeniləşməsi baxımından məsələyə təkrar yaxınlaşmış «öz fikir laboratoriyasında»kı düşün­cələrini «Qoşa qanad» əsərində ümumiləşdirmişdir.

Müəllif kitabda «Elm nədir?», «Sənət nədir?», «Sənətlə elm bir-birini necə tamamlayır?» suallarına orijinal cavablar ax­tarmaqla, alınacaq cavabların, onların hər ikisinin inkişaf yoluna işıq salmasına çalışmışdır.

X.Məmmədov bu əsərdə göstərir ki, elm, bilik sənətkara ağlın gözü ilə görünən aləmin üfüqlərini açır, sənətin inkişafı isə dünya elminin tərəqqisini insanlığın xeyrinə yönəltmək üçündür. Ağıl və hiss əsasında formalaşan «elm və sənət insan mə­dəniyyətini yüksəklərə qaldıran qoşa qanaddır». Elm – «Duyğu çalarlı fikir», sənət – «Fikir çalarlı duyğu»dur. Uçuş, yüksəliş hər iki qanad eyni qüvvədə olduğu zaman mümkündür.

Elmlə sənət arasındakı bağlılığın əyani izlənməsi kimi kristalloqrafik naxışların yaranmasının xarakterik cəhətlərini araşdıran X.Məmmədov «Naxışların yaddaşı» kitabında sübut edir ki, kristalloqrafik naxış yaradıcılığı eramızdan öncə ən çox türk xalqlarında geniş yayılıb. Sibir, Altay, Orta Asiya, Türkiyə, İran və Azərbaycanda aparılan arxeoloji araşdırmalar bunu sübut edir. Naxış ustalarının yaradıcılıq prinsipləri mahiyyətcə təbiətin yaradıcılıq prinsipləri ilə eynidir. Yəni qədim ustalar təbiətin yaradıcılığında forma-məzmun birliyinin qanunauyğunluqlarını ümumi şəkildə duyub naxış yaradıcılığında buna əsaslanıblar. Ona görə də kristalloqrafik naxışlarla kristalların daxili quruluşu arasında bir oxşarlıq vardır.

Uzun illər öyrəndiyi kristalların quruluşu ilə xalq sənəti arasında aşkar etdiyi bu uyarlıq X.Məmmədovu hədsiz təəc­cüb­ləndirmiş, bu təəccüb hissi ilə o, xalq sənətimizin qrammatikasının yazılması ideyasını  irəli sürmüşdür. Bunun üçün o, xalq sənətimizin quruluşunu öyrənmiş, onun vizual və qeyri-vizual növ­ləri arasında ortaq  cəhətləri, dəyişməz xüsusiyyətləri mü­əy­yənləşdirməyə çalışmışdır.

O, bu tədqiqatları davam etdirərək yeddi notu yeddi rənglə əvəz edərək, muğamlarımızda, xalq musiqimizdə musiqi ilə rəngin ahəngini yaratmış və bu ahənglə qədim palaz, kilimlərimizin çeşniləri arasında da bir oxşarlıq olduğunu göstərmişdir.

X.Məmmədov bu sahədə apardığı tədqiqatları ümumiləşdirərək müəyyən etmişdir ki, xalq sənətimizin bütün növləri –naxış yaradıcılığı, memarlıq, rəssamlıq, musiqi eyni kökdən yaranmışdır və bu kök təbiətin özüdür. Xalq sənətimizin dəyişməz xüsusiyyətini həndəsilik, simmetriya qanunlarından mürəkkəb şəkildə istifadə, mücərrəd fiqurlar və rəng kompozisi-ya­sı təşkil edir.

Türk xalqlarının sənətə münasibəti başqa xalqlardan fərqli­dir. Hər cür naturaçılıqdan qaçmaq, fikri müxtəlif simvollarla, həndəsi fiqurlarla ifadə etməklə sonsuz sənət əsəri yaratmaq meyilləri onlara xasdır. Bu məsələ ilə əlaqədar X. Məmmədov «Fonsuz təsvir formalarının təşkili» prinsipini vermişdir. Müs­tə­vini, həndəsi fiqurlarla doldurarkən fon olmur. Daha doğrusu, fon özü də fiqur rolunu oynayır. Beləliklə, çoxmərtəbəlik, çoxqa­tlıq əmələ gəlir ki, bu da sonsuzluq deməkdir – təbiətə işarədir.

Ziyalılığın və vətəndaşlığın qabarıq cəhətlərini özündə birləşdirən X.Məmmədov şəxsiyyətində vətəndaşlıq ləyaqəti daha geniş məna daşıyırdı. Onun fikrincə, vətəndaşlıq Vətənə sevgidən başlayır. Altmışıncı illərdə, çox-çox uzaqlarda elmi ezamiyyətdə olarkən o, Vətənə sevgisini belə ifadə etmişdir: «Mənim əziz Vətənim, dünyanın bütün gözəlliklərini, bütün  ka­inatı – hər şeyi sənin rəngli xəyalın vasitəsilə görürəm. Qəlbi­mi sənə bağlayan tellər saysız-hesabsızdır. Səndən çox-çox uzaqlarda xəyalını göz yaşlarımla təzələyir və mənə doğma olan hər xırda guşəni yenidən-yenidən ürək döyüntüsü ilə gəzirəm…”

X.Məmmədova görə, «insanlarda daxili boşluq olduğu kimi, xarici boşluq da vardır. İnsan üçün vətənsizlik xarici boşluq­dur. Bu, daha dəhşətlidir. Çünki birincini – öz daxili boşluğunu insan heç vaxt hiss etmir. Mənə elə gəlir ki, özgə diyarlardan gətirilən şeylərin ən yaxşısı «yurdum qədər gözəli yoxdur» fikridir».

Vətənə məhəbbəti olmaq, ictimai dərdi özünə dərd edə bilmək hələ vətəndaşlış ləyaqəti deyildir. «Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir». Əgər biz  vətənimizi, xalqımızı qorumuruqsa, haqqın, ədalətin zəfər çalması üçün mübarizə aparmırıqsa haqsızlıqdan, ədalətsizlikdən şikayət etməyə haqqımiz yoxdur. «Ədalətli olduğumuz və ədaləti qoruduğumuz qədər özümüzə  qarşı ədalət tələb etməyə haqqımız var». 

Azadlıq, müstəqillik uğrunda mübarizədə o, liberal siyasətə üstünlük verirdi. Deyirdi ki, cəmiyyət insanlar arasında əlaqələrin yaratdığı şəkildir. İnsanlığa ən böyük xidmət bu şəkli mükəmməlləşdirmək, yenilərini yaratmaq, köhnələrin isə təbiətini dəyişdirməkdən ibarətdir. Ümumiyyətlə, «İnsan qüdrəti doğru hesab etmədiyini uçurmaqda deyil, onu öz istəyinə görə dəyişdirməkdə üzə çıxır».

X.Məmmədov təbiəti müşahidə məktəbini əla bitirmişdir. Uzun-uzadı bu nizamın sirlərini müşahidə etmək üçünX.Məmmədovun yurdumuzun hər bölgəsi üçün konkret təqvim bölgüsü var idi. Bu bölgü artıq onun həyat normasına çevrilmişdir və hər il təkrar olunurdu. Onu heç kim poza bilməzdi. Həssas qəlbli bu İnsan heç bir musiqi alətində çala bilməsə də, əzbər şeir deməyi xoşlamasa da, onun gözəl musiqi və şeiriyyət seçimi vardı. Bu da X.Məmmədov şəxsiyyətində ağılla hissin harmoniyasının gücünü göstərirdi. Yaddaşlara hopub yaşayan Xudu müəllimin tam portretini həyati faktları sadalamaqla yaratmaq çox çətindir. Lakin onun anlaşıla bilən şəkildə gələcək nəsillərə çatdırılması üçün haqqında yazılar yazmaq söz demək, fikir söyləmək, xalqımızın özünü özünə tanıtmaq, tamlaşdırmaq baxımından nəinki lazımdır, hətta çox vacibir.

Akademik Dilqəm Tağıyev

Professor İxtiyar Bəxtiyarlı

JURNALLAR
Faydalı linklər