Xəbərlər
Dennis Mitçell
Noy 23, 2017 | 13:00 / Maraqlı məlumatlar
Oxunub 4365 dəfə

Dennis Mitçell 1920-ci ilin sentyabrın 29-da Mitçemdə anadan olmuşdur. 1939-cu ildə Kembric universitetinin kollecinə daxil olmuşdur. Kembricdə Mitçell kimya, fizialogiya, riyaziyyat və biokimyanı öyrənir və 1943-cü ildə bakalavr dərəcəsi alır.

1950-ci ildə pensillinin təsir mexanizminə aid dissertasiya işinə görə doktorluq dərəcəsinə layiq görülür. Doktorluq dərəcəsi aldıqdan sonra Mitçell Kembricdə biokimya kafedrasında işləyir. Burada o, oksidləşdirici fosforilləşmənin (bu yolla müxtəlif orqanizmlərdə enerjinin 95%-i əmələ gəlir) mexanizminin və ona çox oxşar olan fotosintetik fosforilləşmənin (bitkilərdə enerjinin əmələ gəlmə prosesi) mexanizmini tədqiq etmişdir. O vaxt bu hər iki mexanizm biokimyanın iri həll edilməmiş problemləri sırasına aid idi. Orqanizmlər enerjini necə toplaması, hərəkət zamanı və biosintezdə onu necə çevirməsi və istifadə etməsi məsələsi təkcə Mitçelli yox, digər alimləri də maraqlandırdı. Bir sıra alimlər oksidləşdirici fosforilləşmənin mexanizminin başlıca strukturlarının təsviri ilə məşğul idilər.

Mitçell bakteriyaların hüceyrə membranları ilə həyata keçirilən enerji ötürülməsini tədqiq etmişdir. 1958-ci ildə Mitçell belə nəticəyə gəlir ki, fermentativ reaksiyalar istiqamətlənmiş olur. O, bu prosesləri vektorlu metabolizm adlandırdı. 1961-1962-ci illərdə xemiosmotik hipotezi söylədi. O, hesab edirdiki, nəfəs alma prosesində gedən reaksiyalar zənciri hidrogen və elektron daşıyıcıların bir-birini əvəz edən ardıcıllığından ibarətdir.

1978-ci ildə Mitçell “Xemiosmotik nəzəriyyəni yaratmaq sayəsində bioloji enerjinin ötürülməsi prosesini anlamaqda xidmətlərinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. 1964-cü ildən Mitçell Kornuelldə Qlinn laboratoriyalarında elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir.

Mitçell 1992-ci ilin aprelin 10-da vəfat etmişdir.

JURNALLAR
Faydalı linklər